"WorldSkills Competition 2022 Special Edition” beynəlxalq bacarıq yarışlarında ölkəmizi təmsil edəcək namizədin müəyyən edilməsi üçün aşpazlıq üzrə milli müsabiqənin final mərhələsi keçirilib.
Bu barədə "Tehsil.biz"ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, 4 gün davam edən yarış müddətində iştirakçılar hər gün üçün xüsusi seçilmiş tapşırıqları yerinə yetiriblər. Həm yerli, həm də beynəlxalq şeflərdən ibarət münsiflər heyəti “WorldSkills” beynəlxalq təşkilatın standartlarına uyğun olaraq namizədləri qiymətləndiriblər. İntensiv və bir o qədər də maraqlı yarışın sonunda, Leyla Vəliyeva aşpazlıq üzrə milli müsabiqənin final mərhələsinin qalibi seçilib. Yarışın qalibi oktyabrın 23-26-da İsveçrənin Lütsern şəhərində keçiriləcək “WorldlSkills Competition 2022 Special Edition” beynəlxalq bacarıq yarışında Azərbaycanı təmsil edəcək.
Xatırladaq ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi, “WorldSkills Azerbaijan” platforması və “CÀSÀ” Kulinariya Mərkəzinin əməkdaşlığı çərçivəsində təşkil olunan aşpazlıq üzrə milli müsabiqənin III mərhələsi ötən ilin noyabrında keçirilib. Seçilən uğurlu iştirakçılar “CÀSÀ” Kulinariya Sənətləri Mərkəzində 6 aylıq hazırlıq proqramına cəlb olunublar.
“WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.