Qadın mövzusu, milli kinematoqrafıyamızda bir qədər az işlənmiş olmasına baxmayaraq, bir neçə əsərdə öz əksini taparaq cəmiyyətdə müəyyən fikirlər formalaşdıra bilmişdir. Əlbəttə, buna təkan verən vaxtilə Şərq qadın problemlərinə müxtəlif janrlarda müraciət etmiş böyük ədiblərimizin əsərləri olmuşdur ki, bunların arasında C.Cabbarlının “Sevil” (1928) əsəri ən mühüm yer tutur. Budəfəki festivalın məhz qadınlara həsr olunması da cəmiyyətimizin inkişafı üçün müsbət hal olaraq qiymətləndirilə bilər.
“Sevilfest 2022” festivalında təqdim olunmuş qısametrajlı dokufikşn tərzindəki filmlərdə qadınlarımızın ağır həyatı tamaşaçılarda müxtəlif emosiyalar oyadır. Patriarxatın qadın üzərində olan basqısı və bunun nəticəsində həyat axarını dəyişdirə bilməməyin nisgili bu filmlərdə öz əksini tapmışdır.
Təqdimatın birinci filmindən fərqli olaraq, digər üç filmin mövzusu, müəlliflərin qarşılarına qoyduqları məqsədlər eyni xarakter daşıyır. Qadınlarımızın həyatının əzablı olması; onların müəyyən çərçivələrdən çıxa bilməmələri; əvvəl uşaqlarının, sonra nəvələrinin xatirinə yaşamaqla özlərini unutmaları; cəmiyyətdə istədikləri yeri tuta bilməmələri; ötmüş zamanın peşmanlıq duyğusu və bu filmlərdəki qəhrəmanların gözlərindəki ümidsizlik cansız əşyaya çevrilmiş Azərbaycan və ümumiyyətlə, Şərq qadının bədbəxtliyinin təzahürüdür.
İlk filmdə (“Üfürülməmiş şamlar”rej. A. Nəbiyeva) kinematoqrafiyamızda çox da rast gəlinməyən uğurlu rejissor axtarışı ilə qarşılaşırıq. Sənədli film olmasına baxmayaraq, üslubu Tarkovskinin filmlərini xatırladır: arxa fonda dialoqlar, müxtəlif əşyaların görüntüsü və səslər... Xalqımızın üzləşdiyi ən ağrı-acılı zamanın, yəni müharibənin ağır nəticəsi olan insan itkisini ekrana gətirmiş müəlliflər, Gəncəyə atılan raketin qurbanına çevrilən 15 yaşlı gənc qızın həyatının birdən-birə sönməsindən bəhs edir. Cəmi 6 dəqiqəlik filmdə həyat dolu bir gənc qızın artıq qeyd etməyəcəyi ad günlərini, ümumiyyətlə, yaşaya biləcəyi həyatı yaşaya bilməməsi semiotik üsullarla təqdim olunur: üfürülməmiş şamlar, ətrafa səpələnmiş gündəlik əşyalar: saçqurudan, saç bantı və s.
Bir qızın ölümü gələcəyin möhtəməl anasının, hərhansı sahədə bir peşəkarın ölümü olaraq qəbul edilməlidir. Müharibə nəticəsində gənc nəslin məhv olması bəşəriyyətin faciəsidir. Bu acını biz festivalın proqramındakı digər filmdə də yaxından hiss edirik. “Nə istəyirsiniz?” adlanan filmin müəllifi (rej. G.Səfərova) bu sualı qadınlara ünvanlayır. Müxtəlif yaş və sosial qrupdan olan Azərbaycan xanımları ilə müsahibədə bir şəhid anasının övlad həsrəti ilə üzləşirik. Artıq evini məbədə çevirmiş qadının keçirdiyi sarsıntı və çarəsizlik qadın-ana prizmasından tamaşaçıya körpə uşağın ana qucağında olan səhnələrilə montaj edilərək ötürülür... Filmdəki digər qadınların əksəriyyətinin çin olmamış arzuları, həyatda gerçəkləşdirə bilmədikləri niyyətləri və onların rəngarəng iç dünyası səmimi cavablarında öz əksini tapır.
Həyatlarını istədikləri kimi qura bilməyən qadınların mövzusu “Köz təndir” (rej. S.Mehriban) filmində davam etdirilir. Burada aktual olan problemlər iki qadının həyat hekayəsində işıqlandırılır: işsizlik və tərk edilmə. Hələ cavan yaşlarda tək qalmış qadınların məcburən maddi sıxıntılarından qurtulma yolu kimi Bakıya üz tutmaları, kiçik çörək dükanı işlətmələri; erkən nikah; əyalətdən Rusiyaya gedib qaytmayan ər; ailə qura bilməmiş qız; uşaqlarla birgə böyüyən maddi problemlər, çəkilən əziyyətlər və bütün bu mövzuların dərinliyində yatan avamlıq sual-cavab qismində tamaşaçıya çatdırılır. Filmdəki bəzi lüzumsuz sukut ehtiva edən səhnələri (xüsusilə filmin əvvəlində) və söhbətləri azaltmaqla tamaşaçını yormamaq olardı.
“Unudulmuş arzular” (rej. A.Kazımova) filmində “kino gözü” bu dəfə bir ananı izləyir. Müəllif, öz anasının timsalında Azərbaycan qadınlarını keçmişdə və indiki zamanda narahat edən müxtəlif problemləri üzə çıxarmağa çalışır. Əsərdə nadanlıq mövzusuna da toxunulmuşdır. Qəhrəmanın yaşadığı mühitdə formalaşmış və filmdə səsləndirdiyi “oxuyan qız tərbiyəsiz olar” fikri qadınlarımızın acı talelərinin ən qabarıq təcəssümüdür. Burada canlı retrospeksiyadan istifadə edilməsi də filmin müsbət cəhətini artırmışdır.
Təqdim edilmiş filmlərin çəkiliş prosesindəki çatışmazlıqları da qeyd etmək lazım gəlir: zəif texniki vasitələrin istifadəsi, yanlış rakurslar, səs problemləri, titr yazılarının görünməz olması, bəzi epizodların artıq olması və s. hələ ki bu qəbildən filmlərdə peşəkarlıqdan uzaq olduğumuzu göstərir. Bütün bunlara baxmayaraq, kinematoqrafçılarımızın bədii axtarışları milli kinomuzun inkişaf edəcəyinə ümid yaradır.
Sevinc Fətəliyeva,
sənətşünaslıq üzrə fəlsəfə doktoru