Logo

Sevdiyi qadını faciəvi şəkildə itirdi, həbsxanaya düşdü, avtomobil qəzasında öldü - Məşhur meyxanaçı haqqında bilmədiklərimiz...

22.08.2022 19:00 411 baxış
IMG

Kulis.az məşhur meyxana ustası Bayram Kürdəxanlı haqqında on maraqlı faktı təqdim edir.

Bayramqulu Məşədi Məmmədqulu oğlu Quliyev 1961-ci ilin dekabrın 31-də Kürdəxanıda doğulub. Kürdəxanıdakı 113 saylı orta məktəbi bitirib. Ali təhsil almaq istəsə də, bu arzu ona qismət olmayıb.

***

Yeniyetməlik illərində 8 il futbolla məşğul olub. İlk şeirlərini böyük qardaşı şair Nəcəfqulunun təsiri ilə yazıb. Əsgərlikdən qabaq da şeir deyən Bayram, bunu sonra da davam etdirir. 1982-ci ildən 1985-ci ilə qədər AzTV-də işləyib.

***

Özünün sözlərinə görə bütün meyxanalarını bədahətən deyib. Heç bir hazırlıqsız toya belə gedəndə toyun böyük, kiçikliyini öyrənib meyxana deyib.

Gallery

Bir dəfə Elçin Maştağalı ilə gecəyə bir toydan adama bir “Jiquli”nin pulunu yığıblar. Bayram həmin pula maşın da alıb, Elçin isə qumarda uduzub.

***

Orenburqda əsgərlikdə olanda bir yunan qızı ilə tanış olub. Əsgərliyi bitirib gələndən sonra Moskvada gül alveri ilə məşğul olur. Bakıdan Rusiyaya qərənfil aparıb satıb. Həmin ərəfədə tanış olduğu yunan qızını tapıb onunla evlənmək istədiyini deyir. Qızın atası hərbçi olur, qızını Bayrama vermək istəmir, anası isə əksinə deyir ki, qızımız istəyirsə, getsin. Onlar ailə qururlar, bu evlilikdən Bəhram adlı oğulları doğulur. Bir müddət sonra isə Bayramın həyat yoldaşı qəzaya düşərək həlak olur.

***

Bayram oğluna kiçik toy edib onu müsəlman etdirir. Bir neçə dəfə Bakıya da gətirir. Dəmir yol institutunda oxuyan Bəhram Azərbaycan dilində yaxşı danışa bilir. Atasına deyir ki, universiteti bitirəndən sonra Bakı-Moskva qatarında işləyəcəm ki, Bakıya tez-tez gedib gəlim.

Gallery

Qardaşı Xəlifə Quliyev Bayramı xatırlayarkən deyir:

“Valideynlərim, mən, hər kəs ona evlən deyirdi. Amma o, bu işə boş yanaşırdı. Deyirdi ki, 2 gün evdə, 2 ay Rusiyada oluram, rayonlara gedirəm. İstəmirəm sənə artıq bir yük qoyub gedim. Həmin gün mən onun toya getməyini istəmirdim. Dedi, söz vermişəm getməliyəm. Heç vaxt belə sağollaşmırdı. Rəhmətə getdiyi gün anamla, uşaqlarla hər kəslə görüşdü, sağollaşdı. Çox narahat oldum, ilk dəfə idi belə edirdi. Arxamca gəlib dedilər, balaca ayağı əzilib, amma mən başa düşdüm ki, bu təkcə ayaq əzmək deyil. Oğlumla xəstəxanaya gedəndə, reanimasiyada idi. Qucaqlaşdıq, 2 dəqiqə sonra keçindi. Ondan 4 ay sonra anam rəhmətə getdi, dözmədi”.

***

Tələbəsi Sahib Kürdəxanlı isə 12, 13 yaşından Bayramı bütün toylarda izlədiyini xatırlayır:
“Bayram hansı toyda olurdu, gedib mağarın kənarında onu izləyirdim. Hər kəs ona deyirdi ki, niyə evlənmirsən? Dəfələrlə mənim yanımda oturub ağlayıb ki, "kimisə bədbəxt etmək istəmirəm, mən çox yaşamayacağam”.

Gallery

Bayram Kürdəxanlı 2014-cü ildə şübhəli şəxs qismində saxlanılır. Onun üzərinə baxış keçirilərkən ondan 1.02 qram narkotik vasitə olan tiryək aşkar edilərək 1 il həbs cəzası alır. 2015-ci ildə həbsdən azad edilib.

***

1984 -ci ildən vərəm xəstəsi kimi qeydiyyatda olan meyxanaçı narkotik qəbul etdiyini, 2004-cü ildən isə tərgitdiyini söyləyib: "Onun ağrıları çox pis olur. Mən narkotik vasitə qəbul eləməmişdim. Arıq adamam, hamı elə bilir ki, narkotik qəbul eləyirəm. Sadəcə, məni şərlədilər, içəri saldılar. Həmin vaxt tək məni tutmamışdılar. Bir neçə nəfər də həbs olunmuşdu. Sadəcə, mən tanınmış adam olduğuma görə mənim adım daha çox hallandı”.

***

22 avqust 2017-ci il tarixində gecə toydan evə qayıdarkən isə yolu keçərkən onu maşın vurur. Bayram ağır bədən xəsarətləri alır. Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilmirlər.

Xəbər lenti