Logo

Maestro Niyazi doğum günündə yad edilib - FOTO

22.08.2022 20:07 501 baxış
IMG

Avqustun 20-də görkəmli dirijor və dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti, Sosialist əməyi qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı Niyazi Hacıbəyov-Tağızadənin (1912-1984) anadan olmasının 110-cu ildönümü tamam olub.

Tehsil.biz xəbər verir ki, bu münasibətlə Mədəniyyət Nazirliyinin nümayəndələri, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabana gələrək maestronun məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli sənətkarın məzarı başında çıxış edən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli maestronun həyat və yaradıcılığından danışıb. Diqqətə çatdırıb ki, Niyazi dahi dirijor, bəstəkar və tanınmış ictimai xadim idi:

“Üzeyir bəy ocağında dünyaya gəlmək və musiqiçi olmamaq mümkün deyil. Niyazi xalqına çox yaxın insan idi. Dirijor kimi London, Paris, Praqa, Moskva, Budapeşt və başqa şəhərlərdə dövrünün nüfuzlu orkestrlərinə rəhbərlik etmişdi. XX əsrin görkəmli sənətkarı, ictimai xadimləri Niyazinin evində qonaq olublar. O, müxtəlif vaxtlarda ən yüksək fəxri adlara, orden və medallara, mükafatlara layiq görülüb. Tbilisinin fəxri vətəndaşı olub. Bu gün Niyazinin adı dünya şöhrətli dirijorlar və bəstəkarlarla qoşa çəkilir”.

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi musiqi sektorunun müdiri Vüqar Hümbətov çıxış edərək sənətkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafında, onun təbliğində xidmətlərindən danışıb. Qeyd edib ki, Niyazi Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin, kantata və oratoriyalarının ilk ifaçısı olub. Eyni zamanda bu əsərlərin şərh edilməsində özünəməxsus orijinal ifaçılıq üslubu yaradıb.

Sektor müdiri onu da diqqətə çatdırıb ki, maestro Niyazinin anadan olmasının 110 illik yubileyi respublikanın digər şəhər və rayonlarında da geniş qeyd edilir.

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri və dirijoru, Xalq artisti Ağaverdi Paşayev deyib ki, maestro Niyazi Azərbaycan musiqisində yaranmış yеni əsərlərin ilk bənzərsiz təfsirçisi olub. Bu əsərlərin gеniş təbliğində və bеynəlxalq aləmdə şöhrət qazanmasında böyük xidmətlər göstərib. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması və inkişafı Niyazinin adı ilə bağlıdır. Onun dirijorluğu ilə ifa edilən milli bəstəkarların bir çox əsəri, o cümlədən Ü.Hacıbəylinin “Koroğlu” operası sovet musiqisinin “qızıl fond”una daxil edilib. 

Maestronun Azərbaycan Opera və Balet Teatrının səhnəsində hazırladığı Müslüm Maqomayevin “Nərgiz”, Qara Qarayevin “Vətən”, Fikrət Əmirovun “Sevil” operaları, eləcə də Q.Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri böyük uğur qazanıb. 1961-ci ildə Leninqrad (Sankt-Peterburq) Opera və Balet Teatrında Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin ilk tamaşasını hazırlayan maestro həmçinin Ankara Opera və Balet Teatrında P.Çaykovskinin “Qaratoxmaq qadın”, Cüzeppe Verdinin “Aida” operalarına, İstanbul Opera və Balet Teatrında türk bəstəkarı Ə.Sayqunun “Koroğlu” operasının ilk tamaşasına və “Yunis Əmrə” oratoriyasına da dirijorluq edib.

Sonda maestronun qohumu Sahib Qədimov tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirib.

Xəbər lenti