Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A və B növünə aid olan AA, AB, AC və BA, BB qruplarına uyğun vəzifələr üzrə fevralın 19-da keçiriləcək test imtahanlarına qeydiyyat davam edir.
DİM-dən bildirilib ki, A növünə aid olan imtahan kompüter, B növünə aid olan imtahan isə kağız daşıyıcılar vasitəsilə aparılacaq.
A növünə aid olan imtahanda iştirak etmək üçün qeydiyyat fevralın 18-i saat 14:00-dək aparılacaq. Bu imtahan DİM-in Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. İmtahanda iştirak üçün 125 yer ayrılıb. Bu günə olan məlumata görə, 70 nəfər qeydiyyatdan keçib.
B növünə aid olan imtahanda iştirak etmək üçün qeydiyyat fevralın 9-u saat 14:00-dək aparılacaq. İmtahanda iştirak üçün 2000 yer ayrılıb. Artıq 2000 nəfər qeydiyyatdan keçib və boş yer qalmayıb.
Əlavə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.