Logo

Tarixin yaşıdı Basqal - Şahanə Müşfiq yazır

24.08.2022 20:51 497 baxış
IMG

Hər dəfə Azərbaycanımızın hansısa rayonuna, hansısa kəndinə gedəndə elə gözəl yerlər, zəngin tarix, insanı heyrətə salan mədəniyyət nümunələri kəşf edirik ki, vətənimizin möhtəşəmliyi, əzəmətli tarixiylə qürurlanmamaq olmur. Hər daşında tarix, hər küncündə mədəniyyət uyuyan bu qədim diyara son illərdə dövlət qayğısının, diqqətinin artması da təqdirəlayiq hadisədir. Məhz bu qayğının nəticəsində çox uzun müddət bir torpaq altında yatan və kəşf olunacağı günü gözləyən xəzinə kimi gözlərdən uzaq qalan bu zənginliyimiz gün üzünə çıxır, yerli və xarici turistlərin diqqət mərkəzinə çevrilir.

Belə yerlərdən biri də İsmayıllı rayonunun Basqal qəsəbəsidir. Qədim tarixə, zəngin mədəni irsə sahib qəsəbədə son illərdə görülən işlər buraya marağın artmasına, həmçinin, yerli sakinlərin, sənətkarların daha həvəslə işləyib öz tarixlərini yaşatmalarına səbəb oldu. Bu günlərdə Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyev və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın Basqala səfəri də unudulmaz tarixi hadisə kimi həm basqallıların, həm də Azərbaycan xalqının yaddaşına yazıldı. Bu da ölkə başçısının və birinci xanımın tariximizə, mədəniyyətimizə sonsuz ehtiramının, qayğısının ən gözəl nümunəsi idi.

Basqala ilk səfərim idi. Hələ kəndə girər-girməz yayın istisindən bunalmış ruhumuzu sərinləşdirən mehi, yamyaşıl yolları, qocaman ağacları bizi salamlar kimi könlümüzü xoş etməyə yetmişdi. Vaxtımız az olduğundan birbaşa "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğuna və burada yerləşən Bazar meydanına üz tutduq.

Tarixçilərin fikrincə, Basqalın ərazisi qədim Alban dövlətinə mənsub olub. 3 min ilə yaxın yaşı olan qəsəbənin adı  "qala qur", "qala ucalt", "baş qala" mənasını ifadə edir. Bu ulu ad qədim türkdilli Basil tayfa birləşməsini yada salır. Basillər hələ 2500 il əvvəl Cənubi Azərbaycanda çox geniş ərazidə yayılmışdılar. Qədim yunan tarixçisi Herodot "Tarix" kitabında onları "buslar" adlandırmışdı. Təbrizlilərlə basqallıların danışıq ləhcələrinin bir-birinə çox oxşarlığı var.

Meydana qalxan yolun girişində polis əməkdaşı yaxınlaşaraq, maşını aşağıda saxlayıb, qoruğa piyada qalxmağımızı məsləhət gördü. Düzü, bu, mənim də ürəyimdən idi. Kəndin tarix qoxan küçələrini gəzmək fürsəti vermişdi bizə. Bakıdakı İçərişəhərin dar və daşlı küçələrini, Şəkinin şəhər mərkəzindəki daşlı yolları xatırladan cığırla üzü bazar meydanına qalxmağa başladıq. Evlərinin eyvanlarından biri görən yerli sakinlər təbəssümlə "xoş gəldiniz" deyib, qonaqpərvərliklərini göstərirdilər. Nəhayət, qoruğun ərazisindəyik.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu Basqal qəsəbəsinin qədim hissəsini əhatə edir. 1989-cu ildə təşkil edilən qoruğun sahəsi 76 hektardır.

Qoruğun ərazisində orta əsrlərə aid Qalabaşı qalası, Qoşabulaq, Dəmirçibazar, Dərəməhəllə, Xarabiyan, Kələküçə, Qəlibgah, Çayqırağı kimi tarixi küçələr, Bazar meydanı yerləşir. Basqalın IX-XIX əsrlərə aid istehkamları, Şeyx Məhəmməd məscidi, Hacı Bədəl məscidi, su və kanalizasiya şəbəkələri, tarixi hamamları, sənətkar karxanaları, mülkləri tarix-mədəniyyət abidələri mədəni irsimizin qiymətli nümunələri sırasındadır.

İlk baş çəkdiyimiz yer Hacı Bədəl məscidi olur. Məscid 1854-cü ildə Basqal sakini, tacir Hacı Bədəl adlı şəxsin sifarişi ilə qızı Sitarənin xatirəsinə ucaldılıb. Məsciddə, həmçinin, Basqalda yeganə Peyğəmbər nəslinə mənsub Seyid Ümbülbanu Hacı Seyidhüseyn qızının türbəsi də yerləşir. Əli, nəfəsi, duası şəfalı olan bu seyidə xanım cəmi 43 illik ömür sürməsinə (1855-1898) baxmayaraq, camaatın böyük sevgisini qazanıb, onun qəbrini türbə edərək ziyarətgaha çeviriblər. Bu qədim məscidi ziyarət edərək Hacı Bədəlin, qızı Sitarənin və Seyid Ümbülbanunun ruhlarına dualar oxuduqdan sonra Bazar meydanına qalxırıq.

Burada Halvaçı dükanında ilk dəfə idi ki, Basqal halvasının dadına baxırdım. Qəribə görünüşlü halvanın çox şirin və özünəməxsus tamı var.

Növbəti ünvanımız isə təkcə Basqalda deyil, bütün ölkədə öz əl işi kəlağayılarıyla məşhur olan usta Abbasəlinin kəlağayı dükanıdır. Bu o dükandır ki, Basqala son səfərlərində Mehriban xanım Əliyeva burada kəlağayıların hazırlanmasıyla tanış olmuş, hətta özü də bir kəlağayıya naxışlar atmışdı.

Ümumiyyətlə, Basqal kəlağayılarının yaşı çox qədimdir. Orta əsrlərdə bura Şirvanın böyük toxuculuq və sənətkarlıq mərkəzlərindən biri olub. Əhalinin əksəriyyəti ipək toxuculuğu ilə məşğul olub. Basqalda hazırlanan kəlağayılar XII-XIII əsrlərdə Qafqazda, Şərq və Avropa ölkələrində böyük maraq doğurub.

Hələ 1862-ci ildə Azərbaycan ilk dəfə Londonda keçirilən Ümumdünya ipəkçilik sərgisində iştirak edir. Həmin sərgidə Basqallı toxucu Nəsir Abduləziz oğlu nümayiş etdirdiyi nəfis kəlağayı və qanovuz parçaya görə Gümüş medal və xüsusi diplomla mükafatlandırılıb.

UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayısı "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

Hazırda Basqal qəsəbəsində üç kəlağayı istehsalı mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzlərdən birinin sahibi usta Abbasəlidir ki, hazırladıqları kəlağayılar Bazar meydanındakı bu kiçik dükanda həm sərgilənir, həm də satılır. Dükanda bizi usta Abbasəlinin həyat yoldaşı Məlahət xanım qarşılayır. Kəlağayıların hazırlanması, özəllikləri haqqında geniş məlumat verən Məlahət xanım bu qədim əl sənətinin müasir dövrümüzdə yaşadılması və tanıdılması üçün öz qayğılarını əsirgəməyən dövlət başçımız İlham Əliyev və Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını dilə gətirir: "Allah cənab Prezidentimizə və Mehriban xanıma uzun ömür versin ki, onlar bizimçün çox gözəl şərait yaradıblar. Basqal kəlağayıları diqqətdən kənarda qalmışdı, ustaların işləmək üçün şəraitləri yox dərəcəsində idi. Hazırlanan nümunələr təbliğ olunmur, üzə çıxarıla bilmirdi. İndi isə burda turist əskik olmur. Hər tərəfdən insanlar axışıb gəlir. Dövlət başçımız buna o qədər böyük dəyər verdi ki, UNESCO-ya qədər gedib çıxdı kəlağayılarımız. Biz onlara sonsuz minnətdarıq".

Məlahət xanım deyir ki, usta Abbasəlinin rəssam olan qız övladı da bu sənəti öyrənib, özü də kəlağayılar hazırlayır.

Basqalın mərkəzində orta əsr şəhərlərinin xüsusiyyətini əks etdirən və XIII əsrlərdən bu günədək fəaliyyətdə olan kürəbənd (kanalizasiya) şəbəkəsi, bazar, hamam və başqa mədəni iqtisadi və dini tikililər yerli əhalinin mədəni irsinin timsalıdır.

"Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən və XVII əsrə aid memarlıq abidəsi olan Basqal hamamı klassik Ş?rq memarlıq üslubunda inşa edilib. Dövlət Turizm Agentliyinin sifarişi ilə 2021-ci ildə tarixi materiallar və arxiv sənədləri əsasında bərpa olunmuş bu abidədə Azərbaycan ərazisində orta əsrlərdə mövcud olmuş hamamların işləmə prinsipi nümayiş etdirilir. Burada bələdçimiz Azadə xanımın sayəsində hamamı gəzərək otaqlarla, eksponatlarla tanış oluruq. Azadə xanım deyir ki, hamam həm kişilər, həm də qadınlar üçün fəaliyyət göstərib. Hamamın qapısından qırmızı fitə asılanda qadınlar, bənövşəyi və mavi fitə asılanda isə kişilərin günü olduğu bilinərmiş. Burada tək çimmək istəyən xanımlar üçün Xəlvətgah otağı da olub.

Basqal həm də 300 ildən artıq yaşı olan çinar ağacı ilə məşhurdur. 1531-ci ilə aid edilən Şeyx Məhəmməd məscidi Pir çinar, Pir bulaq və orta əsrlərdə salınmış Xarabiyan qəbiristanlığı ilə kompleks təşkil edir. Yeni aşkarlanan kitabəyə görə həmin kompleks sufi xanəgahı olub. Məscidin inşasından 32 il sonra - 1563-cü ildə oğlu Şeyx Səfai ibn Şeyx Məhəmməd bu ağacı məscidin önündə əkərək bununla bağlı daş kitabə hazırladıb. Şeyx tərəfindən əkildiyi üçün ağac yerli əhali tərəfindən müqəddəs hesab edilir. Şeyx Məhəmməd məscidinin köməkçi tikilisi üzərində yerləşdirilmiş bu kitabənin tədqiqi onun məhz Çinar ağacına aid olduğunu təsdiqləyib. Kitabənin tərcüməsi belədir: "970-ci il tarixində əl-Fəqir Şeyx Səfayi Şeyx Məhəmməd oğlu çinar ağacını əkdi". Pir çinarı dünyada kitabəsi olan yeganə tarixi çinar ağacıdır.   

Qeyd elədiyimiz kimi, Şeyx Məhəmməd məscidi 1531-ci ildə Bazar meydanının yuxarı hissəsində inşa edilib. XX əsrin ortalarına kimi məscid və onun həyətyanı sahəsi dini məqsədlə istifadə edilib. Bələdçimiz Sevinc xanım deyir ki, məsciddə tarixi mədrəsə fəaliyyət göstərib. Həmin mədrəsəyə aid əlyazma kitablar bu gün də "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunda nümayiş etdirilir. Sovet dövründə isə məscid klub kimi fəaliyyət göstərib. Sonra isə qısqapanma nəticəsində az qala bütünlüklə yanan məscidi yerli əhali öz hesabına nisbətən bərpa edib. Müasir dövrümüzdə isə məscidin ərazisində arxeoloji qazıntılar aparılıb.

Basqal məscidinin daxilində XI əsrdən etibarən formalaşmış olan və həm stratiqrafik, həm də xronoloji baxımdan biri digərini tamamlayan altı tikinti qatı qeydə alınıb. Ayrı-ayrı tikinti qatlarına uyğun olan bina qalıqları və məişət avadanlıqları son 1000 il ərzində Basqal ərazisində intensiv həyat olduğunu təsdiqləyir. Məscidin daxilindəki quyudan aşkarlanan çoxlu kömür və kül qalıqları elmi cəhətdə böyük marağa səbəb olub.

Arxeoloji tədqiqatlar Basqalın cənub şərqində Qalalar adlanan sahədə eramızın I-II əsrlərinə aid insan məskənlərinin olduğunu sübut edib.

Dövlət Turizm Agentliyinin sifarişi ilə 7-31 oktyabr 2019-cu il tarixində İsmayıllı rayonunun Basqal qəsəbəsi ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində 121 ədəd maddi mədəniyyət nümunəsi aşkarlanıb.

Beləcə, Basqal gəzintimizi başa vururuq. Əminəm ki, bu zəngin tarixə və mədəni irsə sahib qəsəbə öyrənildikcə, hələ çox mətləblərin üzərindən sirr pərdəsi qalxacaq, tariximizin əsrarəngiz səhifələri gün üzünə çıxacaq.

Şahanə MÜŞFİQ

Xəbər lenti