Avropa Komissiyasının çərçivə proqramlarının 2021-2027-ci illər üzrə növbəti mərhələsi “Horizon Avropa” (“Horizon Europe”) tədqiqat və innovasiya üzrə ən böyük proqramdır və büdcəsi 95.5 milyard avro təşkil edir. Sağlamlıq, mədəniyyət, kreativlik, inklüziv cəmiyyət, rəqəmsal, sənaye, kosmos, iqlim, enerji, mobillik, qida, bioiqtisadiyyat, milli resurslar, kənd təsərrüfatı, ətraf mühit və s. kimi sahələri əhatə edən bu proqramda Azərbaycan Şərq Tərəfdaşlığı ölkələri kimi iştirak edir. “Horizon” proqramlarının imkanlarından istifadə etmək, çağırış haqqında məlumatı yerli təşkilatlar və mütəxəssislər arasında mütəmadi yaymaq, tərəfdaşların seçilməsi, layihələrin hazırlanması və təqdim edilməsinə dəstək göstərmək üçün Milli Əlaqələndirici Şəxslər Şəbəkəsi fəaliyyət göstərir. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da bu Şəbəkə Avropa Komissiyasının nümayəndələri ilə onlayn formatda keçirilən görüş və müzakirələr əsasında “Horizon Avropa” istiqamətləri üzrə yenilənib.
Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin koordinatoru AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, üzvlər olaraq müvafiq dövlət qurumları, elm, təhsil və səhiyyə müəssisələrinin mütəxəssisləri və əlaqələndirici kimi AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsi müəyyənləşdirilib.
“Horizon Avropa” portalında Azərbaycanın Milli Əlaqələndirici Şəxslər Şəbəkəsi haqqında məlumat, şəbəkə üzvlərinin əlaqə vasitələri yerləşdirilib.
Şəbəkənin üzvləri haqqında məlumatla AMEA-nın saytındakı keçid vasitəsilə tanış olmaq mümkündür.
Qeyd edək ki, son illər Milli Əlaqələndirici Şəxslər Şəbəkəsi üzvlərinin fəaliyyəti nəticəsində Azərbaycanın alim və mütəxəssislərinin “Horizon” proqramlarında iştirak fəallığı artıb, bu göstərici xüsusilə Mari Sklodovska-Küri və COST proqramları üzrə nəzərəçarpandır.