Özünü “İmam Mehdi” kimi təqdim edərək, insanları aldadıb, onların külli miqdarda pulunu, əmlakını ələ keçirməkdə ittiham olunan Aqil Babayev bir ildən çoxdur ki, həbsdədir. Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Aqil Babayev “İmam Mehdi” ittihamını qəbul etmir. O, “Shaurma N1”in şəriklərindən biri olduğunu, əmlakını, pulunu əlindən almaq üçün “İmam Mehdi” məsələsinin ortaya atıldığını deyir.
Tehsil.biz "Bizimyol.info"ya istinadən xəbər verir ki, bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınan şəxslər var və onların ifadələrində Aqil Babayevi “zühur etmiş 12-ci İmam” kimi qəbul edib, ona külli miqdarda pul verdikləri iddia olunur. Bir sıra hallarda söhbət, hətta yarım milyon manatdan da yuxarı məbləğlərdən gedir.
Zərərçəkmiş qismində tanınanlardan biri də Anar Aslanov adlı şəxsdir. Onun iki ali təhsil almasına dair diplomları var. Biri Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsinə, digəri isə Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr fakültəsinə aiddir.
Avqustun 23-də məhkəmədə dindirilən Anar Aslanov bildirib ki, Aqil Babayevi 2004-cü ildən öz qardaşı Daşqın Aslanov vasitəsilə tanıyıb. Onu ibadətlə məşğul olan, din adamı kimi tanıdığını, zaman keçdikcə ona bağlandığını, inandığını deyən hüquqşünasın sözlərinə görə, Aqil Babayev özünü “zühur etmiş 12-ci İmam Mehdi” kimi təqdim edib: “Mən də ona o qədər inanırdım ki, İmam Mehdi olduğuna şübhə eləmirdim”.
Onun sözlərinə görə, 2009-2010-cu illərdən başlayaraq, Aqil Babayev ondan və bir neçə başqa adamlardan pul toplama başlayıb. Onlara deyib ki, özünə Allahdan əmr gəlib, kasıb, fağır insanlara ev tikməlidir: “Bu adla bizdən pul yığırdı. Həm də deyirdi ki, pulumuzun və özümüzün Allah dərgahında təmizlənməsi üçün pul verməliyik”.
Xeyirxah işlər görməyə meylli olduğunu vurğulayan, həm də Aqil Babayevə inandığını iddia edən Anar Aslanovun dediyinə görə, 10 ilə yaxın müddətdə kasıblara ev tikmək və başqa adlarla ona ümumilikdə təxminən 580 min manat pul verib. Zərərçəkmiş iddia edir ki, birinci dəfə 100 min dollar, sonra 50 min dollar, 43 min avro, 20 min dollar, 10 min dollar və s. məbləğlərdə olmaqla, dəfələrlə ona pullar verib.
Anar Aslanov istintaqa ifadəsində deyib ki, Aqil Babayevi İmam Mehdi kimi qəbul edib, onun təkidi ilə birinci həyat yoldaşından boşanıb: “Mənə dedi ki, arvadın namaz qılmır, onu cəhənnəm əhli kimi görürəm, onunla yaşamağın məqbul deyil...”
Zərərçəkmiş iddia edib ki, təxminən 23 min dollar qiyməti olan “Hyundai Santa Fe” markalı avtomobilini Aqil Babayevə satıb: “Demişdi ki, pulunu verəcək, maşını bacısı üçün almışdı. Gözlədim, amma pulu vermədi. 2020-ci ilin dekabrında dedi ki, o 23 min dolları şəhid və qazi ailələri üçün evlərə xərcləyib. Bunun müqabilində mənim Allah qatında günahlarımı bağışlatdıracaq, həm də mənə cənnətdə 2 hektar yer verir...”
Anar Aslanov deyir ki, 2021-ci ilin iyununda Aqil Babayev haqqında xoşagəlməz fikirlər eşidib. Söhbət onun qadınlara qarşı münasibətindən gedir. Ondan şübhələnməyə başladığını deyən Anar Aslanovun iddiasına görə, illərlə Aqili İmam Mehdi kimi qəbul edərək, ona pullar vermiş bir neçə nəfərlə birlikdə Buzovnadakı bağ evinə gediblər, orada ondan hesabat tələb edib, pullarını geri istəyiblər.
Anar Aslanov bildirir ki, “İmam Mehdi” illərlə ondan aldığı pulları qaytarmağa razılaşıb, onu Xətai rayonu ərazisində yerləşən evinə göndərib ki, gedib oradan pulu götürsün: “Dedi ki, topladığı pulların bir hissəsi xərclənib, bir hissəsi isə evindədir. Məni evinə göndərdi ki, gedib evindən götürüm. Özü getmədi, bağda qaldı, dedi ki, usta gəlməlidir, onu gözləyir. Ona görə mən onun evinə tək getdim”.
Zərərçəkmiş etiraf edir ki, iyulun 8-dən 9-na keçən gecə Aqil Babayevin evinə gedib, oradan bir hissəsi dollarla olmaqla, ümumilikdə 525 min manat pul və qızıllar götürüb. Evdən çıxanda da qarajda olan maşını götürüb.
Apardığı kisədə qızılların olduğunu sonradan bilərək, onları Vüqar adlı şəxs vasitəsilə Aqil Babayevə qaytardığını deyir.
Anar Aslanov həmin gecə təxminən iki saat o evdə olub. Aqil Babayev deyir ki, yalandır, onu evinə göndərməyib. Anar Aslanov və daha bir neçə nəfər evinə basqın edib, evini axtarıb, pulları tapıb oğurlayıblar.
Anar Aslanovun həmin gecə evdə iki saata yaxın olduğunu təsdiqləyən videogörüntülər də var. O, pulun yerinin ev sahibi tərəfindən deyildiyi halda, uzun müddət orada qalmasını belə izah edib: “Aqil Babayev bir müddət əvvəl mənə demişdi ki, hamamda kranın “smistiteli” xarab olub, onu düzəltmək lazımdır. Həmin vaxt onu da düzəltdim...”
Bu iş üzrə məhkəmə prosesi avqustun 30-da davam edəcək. Növbəti məhkəmə iclasında Anar Aslanov prokurorun və Aqil Babayevin vəkillərinin suallarını cavablandırmalıdır.
Aqil Babayev Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Onun yaxınları deyir ki, Aqil Babayevi Buzovnadakı bağ evində döyüblər, əl-qolunu bağlayıblar. Daha sonra onun Əhmədli qəsəbəsindəki evinə gəlib, oradan milyonlarla pulunu, qızılları götürüb aparıblar.
Aqil Babayev baş verənlərlə əlaqədar polisə şikayət etsə də, onun özü barəsində cinayət işi başlanıb. Çünki onun şikayətçi olduğu şəxslərdən də ona qarşı ərizələr alınıb.