Bakıda Dənizkənarı Milli Parkda dünyaşöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə ucaldılmış abidə haqqında “Vikipediya”nın Azərbaycan və xarici dil bölmələrində məqalələr yaradılıb.
Bu barədə Türk Ağsaqqalları Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
“Müslüm Maqomayev dünyaşöhrətli azərbaycanlımızdır. Bu böyük müğənni və bəstəkarın həyat və fəaliyyəti dünya mədəniyyətinin diqqət mərkəzindədir. Bakıda qoyulan abidə böyük hadisə idi. “Vikipediya” könüllüləri öz töhfələrini verərək, prosesdən kənarda qalmayıblar. Belə ki, “Vikipediya”da abidə haqqında Azərbaycan, türk, ingilis, fransız, ispan və portuqal dillərində məqalələr yaradılıb. Məqalələrdə xarici oxuculara abidə haqqında ətraflı məlumat verilir. Məqalələr “Qorqud” Vikipediya Metodik Klubunun ekspertləri Qulamhüseyn Məmmədov və Ayxan Zayıdzadə tərəfindən yaradılıb”, - deyə Elnur Eltürk bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev 2020-ci il martın 12-də Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsinə dəyərli töhfələr vermiş fitri istedada malik görkəmli sənətkar, dünyaşöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı Sərəncam imzalayıb. Bu il avqustun 17-də isə Bakının Dənizkənarı Milli Parkında Müslüm Maqomayevin abidəsinin açılışı olub.