Təhsil İnstitutu və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Quba rayonunda təşkil edilən beynəlxalq qiymətləndirmə düşərgəsi avqustun 26-da başa çatıb.
Tehsil.biz xəbər verir ki, 3 gün ərzində davam edən düşərgədə əsas məqsəd müəllimlərin beynəlxalq qiymətləndirmə tədqiqatları barədə məlumatlılığını artırmaq, təhsildə qərarların verilməsində, təhsil siyasətinin formalaşmasında qiymətləndirmə tədqiqatlarının vacibliyini vurğulamaq, qiymətləndirmə siyasətinin təkmilləşdirilməsində müəllimlərin iştirakını təmin etməkdən ibarət olub.
Düşərgədə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 30 müəllimi iştirak edib. Onlar müxtəlif araşdırma və müzakirələrə cəlb olunmaqla PISA, PIRLS, TIMSS, ICILS və TALIS yönümlü mətn və tapşırıqların hazırlanması metodikaları ilə tanış olublar. Eyni zamanda, düşərgə iştirakçıları müvafiq səriştələri ölçməyə imkan verən tapşırıq nümunələri hazırlayıb və konstruktiv rəylər əsasında həmin tapşırıq nümunələrini inkişaf etdirmək imkanı əldə ediblər.
Düşərgənin sonunda Təhsil İnstitutunun direktoru Rüfət Əzizov iştirakçılara beynəlxalq qiymətləndirmə tədqiqatlarının əhəmiyyətindən və milli təhsil sisteminə təsirindən danışıb.
Yekunda iştirakçılara sertifikat verilib.