Logo

Bəxtim onda gətirdi ki...

26.08.2022 23:38 921 baxış
IMG

Bizi cisimlər daxilində "psixoloji sahə"də təsvir edən Kurt Levin olduqca haqlıdır. Bu sahədə var olan hər bir predmeti də insan üçün müəyyən valentlik hesab edir.

Doğrudur, əşyanın insana təsiri var. Ən azından insan da, əşya da, canlı və cansız nə varsa təbiət elementidir. 

Ən böyük təsir insanların münasibətində, birlik və bağlılığında təzahür edir. Yuxarıda adı çəkilən alimin fikirləri sözümə təkandır: "Mənim bəxtim onda gətirdi ki, lazımi müəllimlərlə lazımi zamanda tanış oldum."

Elə mənim də bəxtim onda gətirdi ki, BDU-nun Jurnalistika fakültəsinə qəbul oldum. İlk gün sənəd qəbulu şöbəsində gələcək müəllimimi - Könül Niftəliyevanı tanıdım. Məlum məsələdir ki, belə məqamlarda tələbə sayının çoxluğu iş icraçılarına fiziki çətinlik yaradır. Buna baxmayaraq Könül Niftəliyeva işi fiziki və mənəvi cəhətdən icra edir. Tələbə sənədlərini qəbul etməklə kifayətlənmir, sabahın gənc jurnalistlərini böyük məhəbbətlə qarşılayır və eyni təəssüratla da yola salır. Bu mənzərə bir daha təsdiq edir ki, həqiqətən də parçalanmış dünyamızda bütöv insanlara ehtiyac var.

O, insan olaraq tamdır, bütövdür. Xaraktercə də, şəxsiyyətcə də... Müəllim kimi də, valideyn kimi də, tələbə sənədlərini qəbul edən məsul şəxs kimi də...

Dəfələrlə sənədlərimdə əskiklik yarandı. Könül müəllimə yadımdan çıxmasın deyə, vərəq parçasına lazım olan sənədlərin siyahısını yazıb gülərüz şəkildə mənə tərəf uzatdı.

Nədənsə həmin günlər fikirli idim. Dəfələrlə kağız üzərində səhv qeydlər aparmışdım. Könül Niftəliyeva heç bir halda məni qırmadı, əksinə anladı. Hətta qəbul günlərinin birində mənim sırama keçən tələbəyə sakit və mədəni şəkildə: "Çalışın bir-birinizin növbəsinə keçməyin" dedi.

Fakültəmiz haqqında müsbət fikirlər çox eşitmişdim. İndi də bu halallığa qulaqlarımla deyil, gözlərimlə şahidlik edirdim.

Qısa bir zaman keçir...

Və tələbələrin müəllimlərlə ilk görüş günü baş tutur. Bu vaxt auditoriyada Könül Niftəliyeva görünür. Bu dəfə fakültə təəssübkeşliyini çəkir, müəllimlərə sayğı ilə yanaşmağı, dərslərdə nizam-intizamlı olmağı, bir sözlə davam edən fakültə ənənələrini qorumağı hər kəsə vacib bilir və hamımıza uğur arzulayır...

Əsgər İsmayılov, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi.

Xəbər lenti