Avqustun 27-də 2022-2023-cü tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslərin qeydiyyatı başa çatır.
Bu barədə "Tehsil.biz"ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, müsabiqədən keçənlər avqustun 27-si saat 17:00-dək müvafiq sənədləri qəbul olunduğu peşə təhsili müəssisəsinə təqdim etməlidirlər. Qəbulun I mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 127 ixtisas olmaqla 23 min 340 yer üzrə aparılıb. İlk mərhələdə www.portal.edu.az platforması vasitəsilə 22 min 16 nəfərdən 59 min 993 müraciət daxil olub. Alınan nəticələr builki müraciətçi sayının ötən ilin analoji göstəriciləri ilə müqayisədə 48 faiz çox olduğunu göstərir.
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin avqustun 30-dan sentyabrın 5-dək aparılması planlaşdırılır.