Logo

"Azərbaycan təhsil sistemi ancaq nazirlikdəkilərin qohumlarına, dost-tanışlarına xidmət edir”

27.08.2022 12:58 6137 baxış
IMG

“Azərbaycanda valideyn Marsa, Saturna gedə bilər. Amma Azərbaycandakı bağçaya, məktəbə getməsi əlçatan deyil. Çünki təhsil sistemi kiminsə əlində cəmlənib, o da öz maddi maraqları naminə bunu edir”.

Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

O qeyd edib ki, bu, birinci hal deyil: "Hətta hörmətli akademik Abel Məhərrəmov bir neçə il bundan öncə tələbəyə “pul versəydin, sən də keçərdin” demişdi. Hazırda Elm və Təhsil Nazirliyinin elektron xidmətlərdə “Bir pəncərə” prinsipinə riayət olunur. İstər birinci siniflərə şagirdlərin qəbulu, istər şagirdlərin yerdəyişməsi, istər ali təhsil müəssisələrinə tələbələrin köçürülməsi, müəllimlərin, direktorların işə qəbulu və s. Bunların hər biri elektronlaşıb. Yəni kimsə “Bir pəncərə” sistemindən pul yığır”.

Kamran Əsədov bu hallara qəsdən icazə verildiyini bildirib: “Hazırda Azərbaycanda 1693 uşaq bağçası olmaqla, ümumilikdə 125 minlik yer var. Bakı şəhərində isə 220-dən çox uşaq bağçası var. 2021-ci ilin dekabrına qədər uşaq bağçaları, körpələr evi icra hakimiyyətlərinin balansında olanda uşaqların orta məktəblərə qəbulu heç bir problem olmadan həyata keçirilirdi. Amma dediyim sahələr Elm və Təhsil Nazirliyinin tabeliyinə veriləndən sonra boş yerlər yox oldu. Görünən odur ki, bu boş yerlər də Elm və Təhsil Nazirliyində hansısa sektor müdirinin cibinə gedir. Toplananların yerini dəyişəndə cəm dəyişmir. Bu hallar əvvəl də var idi, indi də rüşvətin müqabilində siyahıda kimisə qabağa salırlar. Elektron sistem ona görə qurulub ki, vətəndaşlar heç bir məmurla təmasda olmadan övladlarını uşaq bağçasına yazdırsınlar. Nazirlikdə olanların yaxınları, dostları, qohumaları yaxşı bağçalara, yaxşı məktəblərə qeydiyyatdan keçirilir, amma digər sadə vətəndaşlar növbə gözləməkdədirlər. Buradan belə nəticəyə gəlmək olar ki, Azərbaycan təhsil sistemi ancaq Elm və Təhsil Nazirliyindəkilərin qohumlarına, dost-tanışlarına xidmət edir”.

Təhsil ekspertinin fikirlərinə görəz bu halların nəticəsində bu il çoxlu sayda uşağın birinci sinifə gedə bilməyəcək: “Mən sizə bu cür səriştəsizlik səbəbindən sentyabrın 15-də çoxlu sayda uşağın birinci sinifə gedə bilməyəcəyini dəqiq deyə bilərəm. Qəbul zamanı ərazi prinsipinin tətbiq olunduğunu deyirlər, amma sadə vətəndaşlar növbəsinin çatmasını gözləyir, kimlərsə də növbədənkənar tanışlarının həmin bağçalara qəbulunu həyata keçirir. Bunlar da qeyri-qanuni yollarla, tapşırıq, maddi maraq müqabilində baş verir. Əvvəllər heç olmasa, uşaqlarımızı bağçaya qoya bilirdik. İndi isə Elm və Təhsil Nazirliyində işləyən kiminsə ailə üzvlərilə qohumluğun, dostluğun, tanışlığın olmalıdır ki, onlar gözəlllik salonlarından çıxanda yaxınlaşıb boynubükük şəkildə xahiş edəsən ki, uşağını bağçaya, məktəbə yerləşdirsin. Ölkədə təhsilə əlçatımlılıq mümkün deyil. Azərbaycanda valideyn Marsa, Saturna gedə bilər. Amma Azərbaycandakı bağçaya, məktəbə getməsi əlçatan deyil. Çünki təhsil sistemi kiminsə əlində cəmlənib, o da öz  maddi maraqları naminə bunu edir”.

Kamran Əsədov bununla bağlı müraciət etdiyini, amma hələ də nazirlikdən onun müraciətlərinə cavab verilmədiyini bildirib: "Şəxsən mən bununla bağlı Elm və Təhsil Nazirliyinə dəfələrlə müraciət etmişəm. Beş məktəb adı çəkmişəm ki, ora qəbul olmuş uşaqların fin kodlarını versinlər, həmin ərazidə qalıb-qalmadıqlarını yoxlayaq. Bakı şəhər üzrə Təhsil İdarəsinə aid olan məktəblərdə də bu hallar var. Amma nazirliyin tabeliyində olan məktəblərdə daha çoxdur. Bakı şəhəri 20 nömrəli məktəb, Xətai rayonunda yerləşən Humanitar Fənnlər Təmayüllü Məktəb lisey və s, digər məktəblərdə monitorinq aparaq. Doğurdanmı bu məktəblərə qəbul zamanı şəffaflıq tam təmin olunub? Məktəbin yerləşdiyi ərazidə yaşaması, uşağın bacı-qardaşının həmin məktəbdə təhsil alması, valideynlərin orada dərs deməsi kimi şərtlərə əməl olunubmu? Bu suallara cavab verilmədiyi üçün biz onların şəffaf işlədiyinə şübhə edirik”.

Xəbər lenti