Elm və təhsil fədaisini anarkən
Bu günlərdə (08.08.2022) Azərbaycanda elm və təhsilin inkişafında böyük xidmətləri olmuş, bu istiqamətdə bir çox “ilk”lərə imza atmış, dövlətimiz tərəfindən “Şöhrət” ordeninə layiq görülmüş ilk informatika alimi, Əməkdar müəllim Ramin Mahmudzadə dünyasını dəyişdi. Avqust ayının 31-də Ramin müəllimin doğum günüdür. Bu münasibətlə bir xatirə yazısı hazırlamaq istəyirdik. Lakin 2010-cu ildə onun 75 illiyi ilə bağlı “Azərbaycan müəllimi” qəzetində (№ 34, 3 sentyabr 2010-cu il) dərc olunmuş müsahibə ilə yenidən tanış olduqdan sonra onun təşəbbüsü, rəhbərliyi sayəsində həyata keçirilmiş bəzi işləri sadalamaqla həmin müsahibənin təkrar çap olunmasını daha məqsədəuyğun hesab etdik.
Böyük müəllim Ramin Mahmudzadəni anarkən ilk növbədə göz önünə aşağıdakı işlər gəlir:
* 1970-ci illərin əvvəlində məktəblilər üçün ilk proqramlaşdırma sinifləri yaradıb (Bakı şəhəri 164 və 134 nömrəli orta məktəblərdə);
* 1980-ci illərdə indiki Bakı Dövlət Universitetində “Gənc proqramçılar məktəbi” yaradıb və 5 il həmin məktəbin işinə rəhbərlik edib;
* Respublika “Bilik” Cəmiyyətinin nəzdində “İstehsalatda riyazi üsullar” ictimai universitetinin rektoru olub (1985-1990);
* 1982-ci ildə tələbələr arasında proqramlaşdırma üzrə keçirilən ilk Ümumittifaq olimpiadasında Azərbaycan komandasına rəhbərlik edib;
* 1989-cu ildə məktəblərdə kompüterlərin tətbiqi ilə bağlı Ümumittifaq pilot layihəsinin Azərbaycan üzrə rəhbəri olub;
* Azərbaycan komandası 1988 və 1989-cu illərin Ümumittifaq informatika olimpiadalarında onun başçılığı altında iştirak edib;
* 1990-cı ildən 2019-cu ilədək məktəblilər arasında informatika üzrə respublika olimpiadalarının münsiflər heyətinin sədri olub;
* 1993-cü ildə Beynəlxalq İnformatika Olimpiadalarında Azərbaycan komandasının iştirakına nail olub və 2019-cu ilədək bu komandaya rəhbərlik edib;
* 2003-cü ildən 2021-ci ilədək Proqramlaşdırma üzrə Beynəlxalq Tələbə Olimpiadasının (ACM/ICPC) regional dörddə bir finalına başçılıq edib;
* 2007-ci ildən 2021-ci ilədək tələbələr arasında proqramlaşdırma üzrə keçirilən olimpiadaların münsiflər heyətinin sədri olub;
* 1999-cu ildən 2013-cü ilədək Təhsil Nazirliyi Elmi-Metodik Şurasının “İnformatika və kompüter texnologiyası” bölməsinin sədri olub;
* Ümumi təhsil müəssisələri üçün “İnformatika” dərsliklərinin (1-11-ci siniflər) aparıcı müəlliflərindəndir;
* Şəxsi nüfuzu sayəsində 2019-cu ildə 31-ci Beynəlxalq İnformatika Olimpiadasının Azərbaycanda keçirilməsinin əsas təşəbbüskarı olub.
Nəhayət, Ramin Mahmudzadə 2023-cü ildə ali təhsil müəssisələrinin İKT ixtisaslarına qəbul olmaq istəyənlərin informatikadan imtahan vermələri məsələsinin ilk təşəbbüsçülərindən olub.
İsmayıl SADIQOV,
Ümumi təhsil müəssisələri üçün “İnformatika” dərsliklərinin (1-11-ci siniflər) həmmüəllifi, Beynəlxalq İnformatika Olimpiadalarında Azərbaycan komandası rəhbərinin müavini (2007-2018), texnika üzrə fəlsəfə doktoru
Dünyada elə insanlar var ki, İlahi tərəfindən ona bəxş edilmiş ömür yolunda yaşadığı zamanın hökmünə görə çoxlu əzab-əziyyətlərlə rastlaşır, bəzən dözülməz işgəncəli anlardan keçməli olur. Gələcək arzularına çatmaq üçün qorxmadan sinəsini çətinliklərə sipər edərək mübarizə aparanlar qalib gəlir. Belə insanlar nisgilli, qəlbi yaralı yaşasalar da xalqının tərəqqisi, Vətəninin inkişafı üçün əllərindən gələni əsirgəmir, dövlətinə misilsiz xeyir verirlər. Həmin insanlardan biri, Bakı Dövlət Universitetinin dosenti, “Şöhrət” ordenli, İnformatika üzrə Respublika Olimpiadasının münsiflər heyətinin sədri Ramin Mahmudzadənin kəşməkəşli, çətin və mənalı ömür yolunun bəzi məqamları haqqında oxuculara məlumat vermək niyyətindəyik.
Mahmudzadə Ramin Əli Nazim oğlu 1935-ci il avqustun 31-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. I sinfi Bakıda, II sinfi Ağstafada, III sinfi isə Kirovabad (indiki Gəncə) şəhərlərində oxuyub. IV sinfə isə Ukraynanın İvanovo-Frankovsk şəhərində gedib. 1953-cü ildə orta məktəbi başa vurduqdan sonra Dnepropetrovsk Dağ-Mədən İnstitutunun fizika fakültəsinə qəbul olub. 1955-ci ildə həmin ali məktəbdə təhsilini yarımçıq qoyaraq doğma vətəni Azərbaycana gəlib və Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1958-ci ildə göndəriş yolu ilə təhsilini Leninqrad Dövlət Universitetində davam etdirib. 1961-ci ildə həmin təhsil ocağını müvəffəqiyyətlə başa vurduqdan sonra Bakıya qayıdıb və ADU-da ixtisası üzrə müəllim kimi ilk əmək fəaliyyətinə başlayıb. Səmərəli fəaliyyətinə görə 1968-ci ildə elmi-tədqiqat institutuna şöbə müdiri təyin edilib. 1973-cü ildə yenidən doğma ADU-ya dəvət alıb və orada yenicə yaradılmış Riyazi hesablama kafedrasına baş müəllim təyin olunub. Üzərində işlədiyi elmi işi 1981-ci ildə müdafiə edərək fizika-riyaziyyat elmlər namizədi elmi dərəcəsinə layiq görülüb. İki il sonra ona dosent elmi adı verilib və işlədiyi kafedraya müdir seçilib. 1997-ci ildə könüllü olaraq kafedra müdirliyindən imtina edərək öz yerini yetirməsinə verib. Hazırda BDU-da dərs deməklə yanaşı, respublikada informatika elminin inkişafına böyük töhfələr verir. Belə ki, müxtəlif illərdə ölkə üzrə keçirilmiş bir sıra kompüter layihələri və müsabiqələrində münsiflər heyətinin sədri olub. Beynəlxalq informatika olimpiadalarında iştirak edən Azərbaycan nümayəndələrinə rəhbərlik edib...
...75 yaşının tamam olması münasibətilə haqqında qəzetə yazmaq istədiyimi telefon vasitəsi ilə Ramin müəllimə bildirəndə əvvəlcə təvazökarlıq etdi. Sonra razılaşdı. Ertəsi gün onunla görüşmək üçün BDU-ya yollandım. Builki yayın anomal qızmarlığı səngisə də hava hələ də isti və bürkü idi. Yaşının müdrik çağını yaşayan Ramin müəllimlə səviyyəsinə münasib söz demək, müsahibə aparmaq üçün yolboyu ona verəcəyim sualları götür-qoy edir, ipə-sapa düzüb sıralayırdım.
Onunla köhnə dostlar kimi mehriban görüşdük. Yaşından xeyli cavan görünən, bəstəboy, dolubədən, həyat eşqi ilə qaynayıb daşan bu gülərüz, səmimi və mehriban insanla ilk tanışlıqdan sonra nigarançılığım çəkilib getdi. Yolboyu düzənlədiyim və indi ona verəcəyim suallara ehtiyac qalmadı. Sadəliyi və ünsiyyəti ilə diqqəti cəlb edən Ramin müəllimlə söhbətimiz şirin alındı. Yaşayaraq arxada qoyduğu illərin acılı-şirinli xatirələrini çözələməsini, tarixə dönmüş ötən həsrətli, vüsallı günlərinin saralmış səhifələrini vərəqləməsini ondan xahiş etdim. Dərin xəyala dalaraq gözlərini məchul bir nöqtəyə dikdi. Sanki uzun illərin arxasından boylanıb uşaqlıq, yeniyetməlik, gənclik illərinə nəzər salmağa çalışırdı. Nurlu çöhrəsində keçmişin əzablı, ağır günlərini yenidən yaşayan qara kölgələr dolaşdı. Və ömür səhifələrini belə vərəqlədi...
“Uşaqlığım çox ağır keçib”
1937-ci ildə məlum tarixi hadisələrə görə atam Əli Nazimi və anam Stefanidanı xalq düşməni kimi Sibirə sürgün edirlər. O zaman mənim iki yaşım vardı. Heç nə başa düşmədiyim belə bir vaxtda əmim Əli Əsgər məni öz himayəsinə götürür. Əmimin həyat yoldaşı Antanina mənə doğma övladı kimi baxırdı. Mən onları özümə doğma ata və ana bilirdim. Amma görəcəkli günlərim qabaqdaymış. 1941-ci ildə əmim Əli Əsgəri II Dünya müharibəsinə apardılar. Mən “anam” Antanina ilə tək və kimsəsiz qaldıq. O vaxt əmimin həyat yoldaşı Antanina Bakıda hansısa zavodda mühasib işləyirdi. Müharibənin qurtarmasına az qalmış onu işləmək üçün əvvəlcə Ağstafaya, sonra isə Kirovabada göndərirlər. O, hara gedirdisə, məni də özü ilə aparırdı. Məni tək qoymur, sözün əsl mənasında, mənə analıq edirdi. Elə buna görə də I sinfi Bakıda, II sinfi Ağstafada, III sinfi isə Kirovabadda oxumuşam. O, doğma atam və anam haqqında mənə heç nə deməmişdi.
1946-cı ildə Əli Əsgər əmim müharibədən qayıdır. Və on gündən sonra müharibə illərində əsir düşdüyü və əsirlikdən qaçdığı üçün yenidən həbs edilir. Ona 10 il iş verib yatab göndərirlər. Anam Stefanida da 1946-cı ildə sürgündən qayıdır. Bunu eşidən əmimin həyat yoldaşı Antanina məni doğma anama verməmək üçün Bakıdan köçməyi qərara alır. Əri həbsdə olduğuna görə onun məndən başqa heç kimi yox idi. Beləliklə, 1946-cı ildə məni də götürüb Ukraynanın paytaxtı Kiyev ətrafındakı Barişevka kəndinə köçür.
“Qarğıdalı unu tapanda sevinirdik”
Barişevkada heç kimi tanımırdım. Ukrayna dilini bilmədiyim üçün yaşıdlarımla ünsiyyət qurmaqda çətinlik çəkirdim. Başqa uşaqlarla birlikdə kəndin mal-qarasını otarmaq üçün örüşə aparır, məhsulu toplanmış sahələrdən günlərlə qarğıdalı qalıqlarını yığır, dənələyib bir kisə olandan sonra dəyirmana aparır, üyütdürüb hazır un kimi evimizə gətirirdim. O zaman müharibədən təzəcə çıxan insanlar bir qarın çörək üçün gecə-gündüz çalışırdılar.
Sonra biz Ukraynanın İvanovo-Frankovsk şəhərinə köçmüşük və orada IV sinfə gedib təhsilimi davam etdirmişəm. 1953-cü ildə orta məktəbi bitirdikdən sonra Dnepropetrovsk Dağ-Mədən İnstitutunun fizika fakültəsinə qəbul olmuşam. Ali məktəbdə oxumağıma, güzəranımın zamanına görə nisbətən yaxşı olmasına baxmayaraq, hansısa bir qüvvə məni doğma yurdum Azərbaycana - Bakıya çəkirdi. Daxilimdə sanki qəribə, anlaşılmaz bir hiss vardı. Bəlkə də bu hiss doğma ata nəvazişinin, ana məhəbbətinin nisgilli həsrətindən yaranmışdı. Bilmirəm. Ancaq onu bilirəm ki, hər an Bakıda olmaq, Bakını görmək arzusu baş qaldırırdı qəlbimdə. Beləliklə, 1955-ci ildə burada hər şeyi atıb Bakıya qayıtdım.
“Doğma ata və ana üzünə həsrət qaldım”
Bakıya gələn gündən anam və atam haqqında məlumat toplamağa başladım. 1946-cı ildə anam sürgündən qayıdandan sonra məni çox axtarıb. Xalq düşməninin ailəsi olduğu üçün ona Bakıda yaşamağa icazə verməyiblər. Hər an təqib olunub. Yaxınlardan və dostlardan heç bir kömək istəməyib, çünki onlar da təqib oluna bilərdilər. Buna görə də o, rayonlarda gizli yaşamağa məcbur olub. Məni tapa bilmədiyi üçün sarsılıb və nəhayət, təzyiqlərə dözməyib, özünü asaraq intihar edib. Atam Əli Nazim Cənubi Azərbaycanda, Təbriz şəhərində anadan olub. 1916-cı ildə Batumidə yaşayan əmisi Həsən Həsənzadənin yanına gəlib. 1921-ci ildə 15 yaşında ikən ədəbi yaradıcılığa başlayan atam 1922-ci ildə Bakıya gəlib və burada məskunlaşıb. Leninqradda və Moskvada məşhur ədiblərdən dərs alan Əli Nazim 1934-cü ildə Moskvada keçirilən SSRİ Yazıçılarının I qurultayında çıxış edib. Tanınmış ədəbi-tənqidçi və şair olan Əli Nazimi o zamankı mənfur qüvvələr qısqanmağa başlayıb. Beləliklə, 1937-ci ildə onu anamla birgə sürgün ediblər. Anam 10 ildən sonra qayıtsa da, atam sürgündəcə məhv olub. Ondan heç bir soraq gəlməyib. Atam haqqında geniş məlumatı mənə Mirzə İbrahimov, Cəlal Məmmədov və onun həyat yoldaşı Tahirə Hüseynzadə veriblər. Sən demə, atamın əmisi qızı Tahirə xanım bizimlə bir evdə, atamın himayəsində yaşayıbmış. Atamla anam sürgün ediləndən sonra məni yetimlər evinə veriblər (sonra əmimin həyat yoldaşı Antanina əmimlə birlikdə məni oradan oğulluğa götürüblər). Tahirəni bayıra ataraq evin qapısını möhürləyiblər. Tahirə təsadüfən bir gün Mirzə İbrahimovla üz-üzə gəlib, xalq düşməni ailəsindən olduğu üçün özünü görməməzliyə vuraraq oradan uzaqlaşmaq istəyib. Çünki onunla kəlmə kəsməsi Mirzə İbrahimov üçün də yaxşı olmazdı. Bunu duyan M.İbrahimov onun yolunu kəsib, hal-əhval tutub. “Mən Əli Nazimin yaxın dostu olmuşam, səninlə görüşməkdən də qorxmuram”, - deyib və onun ünvanını öyrənib. Sonralar ona dayaq durmaqdan da çəkinməyib. Bir müddətdən sonra Tahirə xanım yazıçı Cəlal Məmmədova ərə gedib. Mirzə İbrahimov mənə də çox köməklik edib, xüsusilə Bakı şəhərində evlə təmin olunmağımda onun böyük rolu olub.
1957-ci ildə atamla anam bəraət qazansalar da, həyat artıq öz işini görmüş, məni ata və ana üzünə həsrət qoymuşdu...
“Xüsusi olimpiada hazırlıq mərkəzi yaradılmalıdır”
Hələ orta məktəbdə oxuyarkən riyaziyyat, fizika, kimya fənlərinə daha çox maraq göstərmiş, həmişə bu fənlərdən əla qiymətlər almışam. Respublikamızda Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq 1973-cü ildə Azərbaycan Dövlət Universitetində tətbiqi riyaziyyat kafedrası yaradılıb. Və həmin kafedrada informatika elminin tədrisi və inkişafı üçün şərait yaranıb. O zaman bu sahəni yaxşı bilən alim müəllimlərimizdən Yəhya Məmmədov, Qoşqar Əhmədov, Mirabbas Qasımov, Arif Babayev və başqaları informatika elminin inkişafına səy göstərsələr də, bu sahədə geri qalmış, inkişaf etmiş ölkələrə hələ çata bilməmişik.
1996, 1998 və 2003-cü illərdə informatika üzrə dünya ölkələrində keçirilən beynəlxalq olimpiadalarda iştirak edən Azərbaycan gəncləri yalnız II və III yerlərlə kifayətləniblər. Bunun səbəbi orta məktəblərimizdə informatika elmini lazımi səviyyədə tədris edən müəllimlərimizin olmamasıdır. Məktəblərimizdə səviyyəli riyaziyyat, kimya, fizika müəllimləri olsa da informatika fənni üzrə xüsusi olimpiada hazırlıq mərkəzi yaradılmalıdır. Sevindirici haldır ki, bu gün məktəblərimizdə informatika fənni tədris edilir. Yalnız bu yolla biz bu elmin inkişafına nail ola biləcəyik.
“İnformatika elminin inkişafı üçün əlimdən gələni etməyi özümə borc bilirəm”
1962-ci ildə 164 nömrəli məktəbdə ilk dəfə olaraq sinif proqramını yaratmışam. 134 nömrəli məktəbdə bu işi bir neçə il davam etdirmişəm. BDU-da məktəblərin proqramlaşdırılmasına rəhbərlik etmişəm. Hazırda akademik Zərifə Əliyeva adına məktəbdə informatika üzrə proqramlaşdırmaya rəhbərlik edirəm.
İsmayıl Sadıqovla birlikdə V-XI siniflər üçün ayrı-ayrılıqda informatika dərslikləri yazmış və şagirdlərin istifadəsinə vermişik. Bu il XI sinif üçün də dərslik çap edilib və məktəblərə paylanıb. İnformatika fənninin belə tədrisi bizə ümid verir ki, gələn il beynəlxalq olimpiadada iştirak edən Azərbaycan gənclərindən qızıl medal alanı olacaq. Mən buna əminəm. Və bunu çox arzu edirəm.
“Yetirmələrimlə fəxr edirəm”
Bugünkü tələbələrimizin arasında tam, hərtərəfli inkişaf etmiş, yüksək intellektual səviyyəli gənclərə rast gəlmək olur. Bu isə azdır. Ümumiyyətlə, gənclərimizin hərtərəfli inkişafına mane olan amilləri bilirik. Və bu qüsurların aradan qaldırılması üçün hamılıqla mübarizə aparmalıyıq. Biz çalışmalıyıq ki, gənclərimiz intellektual səviyyələrinə görə inkişaf etmiş dünya ölkələri gənclərinə çatsın və onları ötüb keçsin. Bax, o zaman ölkəmiz daha sürətlə inkişaf edər. Mənim tələbələrimdən bəziləri hazırda respublikamızda və dünyanın inkişaf etmiş ölkələrində tanınmış alim kimi fəaliyyət göstərirlər. Bu il avqustun 13-22-də İsmayıl Sadıqovla informatika üzrə Kanadada keçirilən olimpiadada azərbaycanlı nümayəndələrin rəhbəri kimi iştirak etmişik. Orada məni görmək üçün 20-25 il bundan qabaq dərs dediyim tələbələrimdən biri Amerikadan, ikisi isə Kanadadan yanıma gəlmişdi. Onların mənə olan bu münasibətləri mənim üçün ən böyük hədiyyədir. Hazırda tələbələrimdən biri London bankının vitse-prezidentidir. Başqa biri elmlər doktoru kimi Amerika Universitetində fəaliyyət göstərir. Elə bir informatika firması yoxdur ki, mənim yetirmələrimdən orada olmamış olsun. Bağban ərsəyə gətirdiyi barıyla sevindiyi kimi, mən də yetirmələrimlə fəxr edirəm.
“Ən çox sevindiyim gün”
Uşaqlığımda və gəncliyimdə dünyanın amansız ağrı-acısını yaşasam da sonrakı həyatımdan çox razıyam. Ailəmin, oğlanlarımın mənə olan münasibəti məni yaşamağa sövq edir. Yəqin ki, belə gümrah və sağlam qalmağıma elə bu amillər səbəb olub. İki oğlum var, onlardan biri müəllimdir, digəri isə bizneslə məşğul olur. Nəslin davamçıları ağıllı və işgüzar olanda valideynlər rahatlıq tapır. Həyatımda ən çox sevindiyim gün nəvələrim Aysel və Cavid dünyaya göz açanda olub. Axı onlar mənim ideyalarımın davamçısı olacaqlar. Cavid artıq davamçım kimi informatika elmi ilə məşğul olur. Bir sözlə, o mənim ümidimdir.
“Müstəqilliyimizi göz bəbəyimiz kimi qorumalıyıq”
75 il ömür sürmüşəm. Həyatın hər üzünü görmüşəm. Sovet birliyi ağrı-acıdan başqa bizə heç nə verməyib. Uzaqgörən ziyalılarımızı “vətən xaini”, “xalq düşməni” damğasıyla qəddarlıqla məhv edib, neftimizi əlimizdən alaraq bizə qəpik-quruş verib, bizi xarici imperialist qüvvələrdən qoruyur adıyla borclu çıxarıb: əl-qolumuzu buxov və qandalla “bağlayan” mənfur sovet rejimindən qurtulmuşuq. Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən və ağıllı siyasəti, gərgin əməyi nəticəsində respublikamız müstəqillik əldə edib. Müstəqilliyimizi göz bəbəyimiz kimi qorumaq hamımızın, xüsusilə gənclərin borcudur. Bunun üçün hər bir gənc atdığı addımın istiqamətini, gördüyü işin nəticəsini qabaqcadan düşünməli, öz-özünə - “mən nə edirəm” - deyə sual verməlidir.
Mən həmişə özüm-özümlə yazılı olaraq müsahibə aparıram. İnsan özü ilə müsahibə aparanda yalana, riyaya yol vermir. Çünki özünü yaxşı tanıdığı, xislətinə bələd olduğu üçün buna imkan yaranmır.
Hər bir gəncə vaxtlı-vaxtında özünə hesabat verməsini və gələcək işlərinə elmi nöqteyi-nəzərdən yanaşmasını, müstəqil Azərbaycan Respublikasına layiq vətəndaş kimi yetişməsini arzu edirəm.
Qələmə aldı: Nizami MİRZƏ,
“Azərbaycan müəllimi” qəzeti,
№ 34, 3 sentyabr 2010-cu il
P.S. Dost və məsləkdaşlarının Ramin müəllim haqqında ürək sözləri (09.08.2022)
“... Ramin öz işinə sadiq, vicdanlı və çox xeyirxah insan idi. Bizim borcumuz onun işini davam etdirməkdir!..”
Vladimir Kiryuxin,
Beynəlxalq İnformatika Olimpiadalarında SSRİ (1989-1991) və Rusiya (1992-2017) yığma komandasının rəhbəri,
Marina Tsvetkova,
Beynəlxalq İnformatika Olimpiadalarında Rusiya komandası rəhbərinin müavini (2011-2017)
“... O, sözün həqiqi mənasında ziyalı idi və bütün həyatını nəcib bir işə - gənc nəslin tərbiyəsinə həsr etmişdi. Cənab Mahmudzadə ICPC cəmiyyətinin maraqlarının irəli çəkilməsi və inkişafında çox iş görmüşdür...”
Hamlet Meladze,
ICPC regional yarışlarının Gürcüstan və Cənubi Qafqaz üzrə münsiflər heyətinin sədri
“Dünya informatikasının ağsaqqalı Ramin Mahmudzadə Azərbaycan Respublikasında informatikanın inkişafına böyük əmək sərf etmişdir. O, əsl peşəkar idi. Həyatda belə bir insanla tanış olmağımla qürur duyuram... Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə bu görkəmli İNSANIN şərəfinə hər il proqramlaşdırma turniri təşkil etməyi və keçirməyi təklif edirəm...”
Aleksandr Kondratoviç,
Beynəlxalq İnformatika Olimpiadalarında Belarus nümayəndə heyətinin üzvü (2004, 2012-2017).