Logo

Xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları üçün ekskursiya təşkil olunub - FOTO

27.08.2022 19:44 386 baxış
IMG

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə uşaqlar üçün ekskursiya təşkil edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ekskursiyada şəhid övladları, valideyn himayəsindən məhrum uşaqlar və xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları iştirak ediblər.

Uşaqlar əvvəlcə Heydər Əliyev Muzeyi ilə tanış olublar. Məlumat verilib ki, muzeyin fondunda Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar toplanıb. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb.

Ekskursiya çərçivəsində növbəti ünvan Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi olub. Burada bildirilib ki, 98 eksponatla fəaliyyətə başlayan muzeyin hazırda eksponat sayı 19 mindən çoxdur. Mədəniyyət müəssisəsinin fondunda çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, kitablar, qəzet və jurnallar, xatirə əşyaları və digər muzey materialları mühafizə olunur.

“Saat Meydanı” turistik istirahət mərkəzinə yollanan uşaqlar müəyyən olunmuş xətt üzrə şəhər gəzintisinə çıxıblar. Sonra mərkəzdə onlar üçün animasiya cizgi filmi nümayiş olunub, nahar yeməyi təşkil edilib. Tədbirin sonunda əyləncəli oyunlar keçirilib.

Ekskursiya uşaqlarda xoş təəssürat yaradıb.

Xəbər lenti