Dünya şöhrətli Norveç yazıçısı Yuhan Borgen (1902 – 1979) Avropa ədəbiyyatına böyük töhfə vermiş sənətkarlardandır. Onun novellaları, romanları, esseləri, məqalələri müxtəlif dillərə tərcümə olunub.
Yuhan Borgenin çoxşaxəli ədəbi irsi, əsasən, ədəbiyyat və incəsənət məsələlərini əhatə edib. Bu nümunələrdə bədii yaradıcılığın problemləri, sözün mövqeyi, yaradıcılıq psixologiyası öz əksini tapıb. Müəllifin məqalələrinin böyük əksəriyyətində L.N.Tolstoy, F.M.Dostoyevski, M.Qorki, Ç.Dikkens, H.K.Andersen, K.Hamsun, H.Qriq kimi məşhur söz-sənət sahiblərinin yaradıcılığı təhlil olunub.
Kulis.az Ağaddin Babayevin tərcüməsində Y.Borgenin üç pritçasını oxuculara təqdim edir.
Üç zaman
Bir dəfə şirlə quzu talada yan-yana gəzirdi. Qəfildən quzu şiri sorğu-suala tutmağa başladı:
– Ay şir, sənin fikrincə, hazırda biz hansı zamanda yaşayırıq?
– Soruşursan hansı zamanda? – deyə şir quzunun sualını təkrar etdi. – Allahına şükür elə ki, biz yaşayırıq, bəyəm bu, səni qane eləmir? Bundan əlavə, yaşadığımız zaman məhz elə bizə məxsusdur. Əgər belə olmasaydı, biz əsla yaşaya bilməzdik – deyə şir sözünü yekunlaşdırdı.
Quzu taladakı yağlı otlardan yedikcə şirin dedikləri barədə düşünüb-daşındı və nəhayət dilləndi: ”Sən çox müdriksən, ay şir! Yürütdüyün fikirlərində də haqlısan. Yaşadığımız indiki zaman, əlbəttə, bizə məxsusdur. Amma məni başqa şey düşündürür. Dəfələrlə eşitmişəm ki, üç növ zaman mövcuddur: gözəl və eyni zamanda qəddarlığı ilə seçilən keçmiş zaman, sadəcə qəddar və amansız olan indiki zaman və bir də özündə tolerantlıq ruhu yaşadan, məsələn şirlə quzunun azad, sərbəst şəkildə yan-yana gəzişdikləri gələcək zaman. Mən bu fikri ağıllı bir qoca keçidən eşitmişdim və düşündüm ki, indi məhz gələcək zamanın vaxtıdır”.
Şir o dəm quzunun başını dişləyib qopardaraq: “Sən ki, özün bu barədə mənim yadıma saldın, deməli, hələ keçmiş zamanda yaşayırıqmış”, – dedi.
Qızılgül və tikanlar
1
Uşaq qızılgül koluna yaxınlaşaraq: “Mənə öz gülündən hədiyyə verərsənmi?” – deyə soruşdu. – “Özün dər”, – deyə qızılgül kolu ona cavab verdi, – “Lap iki-üç gül dər, mən xəsis deyiləm!”.
Uşaq sevincindən əllərini qızılgül kolunun budaqlarının arasına saldı və qışqıraraq dərhal da geri çəkildi. “Vay-vay-vay! Bu nə olan işdir? Necə də tikanlısan? Məndə heç nə alınmır”.
“Sən narahat olma, oğul bala, əvvəl-axır alınar. Onsuz da, bu həyatda tikansız gül olmur”, – deyə qızılgül kolu uşağa ürək-dirək verdi.
“Olmur-olmasın, mənə heç lazım da deyil” – deyərək uşaq zınqırov çalmağa yollandı.
Uşaq qarşısına çıxan hər növ gül-çiçəkdən iri bir dəstə tutaraq qızılgül kolunun yanına qayıtdı: “Görürsən də, necə gözəl güllərdir, elə deyilmi?”, – deyə soruşdu.
“Axı, bunlar ki, qızılgül deyil”, – deyə qızılgül kolu cavab verdi.
Uşaq bundan da çox gül-çiçək toplamağa başladı; demək olar ki, gündən-günə, həftədən-həftəyə o, düzləri, yamacları gəzərək bir-birindən gözəl, al-əlvan çiçəklərdən dəstə bağlayırdı. Nəhayət, uşaq öyünmək məqsədilə bir gün yenidən qızılgül kolunun yanına gəldi. Amma nə görsə yaxşıdır: tikanların əhatəsində olan qızılgül kolu gülsüz qalmışdı. “Bəs sənin güllərin necə oldu?” – deyə oğlan koldan soruşdu.
“Hamısı tələf oldu, indi təkcə tikanlarım qalıb”, – deyə qızılgül kolu cavab verdi.
Bu yerdə uşaq əlindəki çiçəkləri yerə tullayaraq, hönkürtü ilə ağlamağa başladı.
Yaxşı insan
Beş sığırçın albalı ağacında əyləşib yemək yeyirdi. “Ay səni, şeytan! Odur ey insan gəlir!”, – deyə onlardan ən kiçiyi dilləndi. “Neçə dəfə sənə deyərlər ki, şeytanı çağırma?” – deyə sığırçınların ən böyüyü, bəlkə də, ataları, ona təpindi. “Mən nə günah işlətdim, sadəcə sizi xəbərdar elədim, dedim ki, insan gəlir”, – deyə kiçik sığırçın özünə haqq qazandırmağa çalışdı. Böyük sığırçın cavab verdi: “Fərq eləməz. Onsuz da, uçmaq vaxtımızdır!”
Sığırçınların beşi də uçub buradan uzaqlaşdı. Ağaca yaxınlaşan insan yuxarı boylanaraq dedi: “Sizi lənətə gələsiniz, sığırçınlar! Bu il yenə albalı olmayacaq!” Sonra o, evə qayıdaraq pal-paltardan insanabənzər müqəvva düzəldərək ağacdan asdı.
"Çox çirkin paltodur, – deyə yerlərinə qayıdan sığırçınlar bildirdilər, – amma onun üzərində oturmaq rahatdır".
Quşlar müqəvvanın çiyinlərində, şlyapanın üzərində əyləşib əvvəlki kimi albalı gilələri ilə qidalanmağa başladılar. “Vallah, insanlar heç də pis deyillər” – deyə cavan sığırçın bəyan etdi. Bu zaman ağaca tərəf tüfəngdən atəş açıldı. Sığırçın yerə yıxıldı. “Bəlkə, onlar da albalı yeməyi xoşlayırlar” –deyə ana sığırçın dilləndi. “Məncə, onlar sığırçın ətini daha çox xoşlayırlar” – deyə ata sığırçın bildirərək yerə düşmüş bala sığırçını götürmək istəyən insanın üstünü batırdı.
İnsan bütün günü sığırçınları güllə atəşinə tutdu. Axırda yorulub əldən düşdü. Tüfəngini kənara tullayaraq: “Nə xeyri var? Bunların sayı milyondan çoxdu!”.
Sığırçınlar dedilər: “O, nə qədər atırsa atsın, bunun bizim üçün zərrəcə qorxusu yoxdur. Bağ olduqca kiçikdir, bizsə sayca çoxuq. İnsan bizə yaxşılıq etmək istəyir, amma bilmir ki, axmaqlıq edir”.
Səhərisi gün ağaclardan sığırçınları özündə əks etdirən çoxlu xırda güzgülər asıldı. “Onsuz da, bu, kömək etməz!” – ata sığırçın kədərlə bildirdi. – Tezliklə burada albalıdan əsər-əlamət qalmaz”.
"Qədim zamanlarda, – deyə digər bir sığırçın söhbətə qarışdı, – burada çoxlu nəhəng bağlar vardı, amma sığırçınların sayı isə indikindən xeyli az idi”.
İnsan dedi: “Heç baş aça bilmirəm ki, sığırçınların sayı niyə əvvəlki dövrlərdən çoxdur?”. O, ağaclardan balıqçı torları asdı. Bunu görən sığırçınlar dilləndilər: “Bu insan niyə bu qədər qanmazdır? Axı, niyə anlamır ki, biz sığırçınların sayı-hesabı yoxdur! Onun yeganə çıxış yolu çoxlu albalı ağacı əkib-becərməkdir!”
İnsan çoxlu sayda yeni albalı ağacları əkdi. “Bu ağaclar əvvəlkindən on dəfədən çox bar verməlidir” – deyə o, bağı nəzərdən keçirərək qürrələndi. Bu zaman artıq insanın saçları ağarmış, üzü dərin qırışlarla örtülmüşdü. Qəfildən beş milyondan çox sığırçın uçub gələrək bağdakı albalıları bir andaca yeyib qurtardılar. Bağa girən insan gördüklərindən dəhşətə gələrək tüfəngindən atəş açıb özünü güllələdi.
"Nə olsun ki, – sığırçınlar dilləndilər, – hər halda onun gözləri yeməlidir”.