Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin dosenti Əbülfəz Tağıyev Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə keçirilən “Aqrar təsərüffatların inkişafının yeni istiqamətləri və ətraf mühitin mühafizəsi” adlı onlayn Respublika elmi-praktiki konfransında iştirak edib.
Konfransda Ə.Tağıyev “Abşeron MP-da qışlama dövründə koloniya əmələ gətirən quş populyasiyalarının növ tərkibi və trofik əlaqələri” mövzusunda məruzə ilə çıxış edib. Çıxışda son illər Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi qışlamağa gələn quş populyasiyalarının kəmiyyət və keyfiyyət göstəricilərinə təsir etmiəsi,qışlamağa gələn quş populyasiyalarının say dinamikasında azalma baş verməsi məsələlərinə aydınlıq gətirib.
Bildirilib ki, Xəzər dənizi qapalı su hövzəsi olduğundan onun səviyyəsində periodik dəyişmələrin baş verməsi labüddür. Xəzər dənizinin səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən - onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır. Dəniz dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə təsir göstərən amillərdəndir. Bu dəyişiklilərin baş verməsi Xəzərin özünəməxsus ekosisteminə, köçəri quşların kəmiyyətinə də öz təsirini göstərir.