Logo

Səudiyyə Ərəbistanında təhsil alan məzun: “BANM-də öyrəndiklərim sayəsində buradayam" - FOTO

29.08.2022 10:07 378 baxış
IMG

Orxan​ Sayidov Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının 2020-ci il məzunudur.

Tehsil.biz xəbər verir ki, o, 2015-ci ildə 665 balla arzusunda olduğu Ali Məktəbə qəbul olub. BANM məzunu hazırda Səudiyyə Ərəbistanının Ciddə şəhərində, Kral Abdullah Elm və Texnologiya Universitetində (King Abdullah University of Science and Technology (KAUST) Kimya mühəndisliyi üzrə doktorantura pilləsində tam təqaüdlə təhsil alır.

Orxan bildirir ki, onu bu uğura aparan yol BANM-dəki tədris və təhsilin yüksək səviyyədə olması, tələbələrə özlərini hərtərəfli inkişaf etdirmək üçün yaradılan şərait olub:

“BANM bizə həm bilik, həm həyatı öyrətdi. Kimya mühəndisliyi ixtisasını yüksək səviyyədə nəzəri cəhətdən öyrənməklə yanaşı, istehsalat təcrübələrində dərindən mənimsədik. Hazırda təhsil aldığım universitetə qəbul zamanı müsahibədə BANM-də bizə tədris olunan fənlərdən suallar verilmişdi. Eyni zamanda BANM-də olan sosial fəaliyyətim, qazandığım dünyagörüş hazırda içərisində olduğum beynəlxalq akademik mühitdə çox köməyimə çatır”.

Orxan Sayidov sosial fəaliyyətini Kral Abdullah Elm və Texnologiya Universitetində də davam etdirir. BANM məzunu olduğunu qürurla bildirən Orxan daim ölkəmizin təbliği istiqamətində təşkil edilən tədbirlərə qatılır, layihələr həyata keçirir və təqdimatlar edir.

Orxan deyir ki, Kral Abdullah Elm və Texnologiya Universitetində 4 azərbaycanlı tələbə təhsil alır, onlardan 2-si BANM məzunudur.

O, təhsil aldığı universitetdə BANM haqqında çox maraqlandıqlarını bildirir və BANM-lə KAUST arasında əməkdaşlığın yaranmasını arzulayır.

Xəbər lenti