Logo

İctimai Televiziya və Radio Yayımları Şirkətinin 17 yaşı tamam olur

29.08.2022 10:47 449 baxış
IMG

Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İctimai Televiziya və İctimai Radio) fəaliyyətə başladığı gündür.

Tehsil.biz xəbər verir ki, şirkətin 17 yaşı tamam olur.

Şirkət "İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli Fərmanına əsasən yaradılıb. Həmin Fərmana əsasən, Azərbaycan dövlət televiziyasının 2-ci kanalı və Azərbaycan dövlət radiosunun 1-ci kanalı bütün əmlakı və avadanlığı ilə birlikdə İctimai Televiziya və Radio Yayımının Yayım Şurasına İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılması üçün verilib. İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyəti "İctimai Televiziya və Radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) 22 avqust 2005-ci il tarixli qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilib.

İctimai televiziyanın verilişləri Azərbaycanın bütün ərazisində 24 saat ərzində Azərbaycan dilində aparılır. Televiziyanın mənzil qərargahı Bakı şəhərində yerləşir və Avropa Yayım İttifaqının üzvüdür.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası 9 üzvdən ibarətdir. Baş direktor isə ictimai yayımçının yaradıcılıq və işgüzar fəaliyyətini əlaqələndirən, bu qanunla onun səlahiyyətinə aid edilmiş məsələlər üzrə qərarlar qəbul edən, bütövlükdə yayım fəaliyyətinin təşkilinə cavabdeh olan vəzifəli şəxsdir və Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımovdur. O, bu vəzifəyə 2018-ci il iyunun 1-də seçilib. B.Qasımovun rəhbərliyindən sonra televiziyanın efirində rəngarənlik müşahidə olunub, İctimai Televiziya və radioya yeni, cəmiyyətin qəbul etdiyi pozitiv aparıcılar cəlb olunub. Bununla yanaşı, fəaliyyətə başlayan yeni verilişlər tamaşaçıların marağına səbəb olub.

"Tehsil.biz" olaraq həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzu edirik!

Xəbər lenti