Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə 26-28 avqust tarixində Azərbaycanın mədəniyyət paytaxtında yaradıcı insanların iştirakı ilə “Şuşa yaradıcılıq emalatxanası” adlı layihə həyata keçirilib.
Tehsil.biz xəbər verir ki, layihə çərçivəsində müxtəlif peşə istiqamətləri üzrə Azərbaycandan və Türkiyədən olan yaradıcı sahənin təmsilçiləri Şuşada bir araya gəliblər.
28 avqust tarixində Şuşaya gələn media mənsubları da layihənin iştirakçıları – Azərbaycanın Xalq artistləri, bəstəkarlar Sərdar Fərəcov və Salman Qəmbərov, Əməkdar incəsənət xadimi, musiqişünas Zümrüd Dadaşzadə və başqaları, həmçinin Türkiyədən gələn tanınmış bloqerlərlə birlikdə Yuxarı Gövhər Ağa məscidi və Şuşa Realnı məktəbi, Cıdır düzü, Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin “güllələnmiş heykəllər”i yerləşən mərkəzi meydanı, Şuşa qala divarlarını ziyarət etdilər, şəhərdə aparılan təmir-bərpa işləri ilə tanış olublar.
Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin musiqi sektorunun müdiri Vüqar Hümbətov bildirib ki, üç gün ərzində 30-a yaxın yaradıcı şəxs –bəstəkar, musiqişünas, yazıçı, fotoqraf, rəssam və digər sənət sahibləri Şuşa ilə yaxından tanışlıq imkanı qazanıblar. Layihənin nəticəsi olaraq ilin sonuna kimi iştirakçıların Şuşaya səfər təəssüratları altında yaranan əsərlərin təqdimatı, qala gecənin keçirilməsi planlaşdırılır.
Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin “güllələnmiş heykəllər”i yerləşən meydandan başlayan ziyarətdə Xalq artisti, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru Sərdar Fərəcov dahi bəstəkarın şəxsiyyəti və yaradıcılığı, eləcə də bu abidələrin tarixi barədə iştirakçılara məlumat verib. Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə Bülbül və Xan qızı Natəvanın yaradıcılığından söz açıb, bu il Bülbülün 125, Natəvanın 190 illik yubileylərinin geniş şəkildə qeyd edildiyini vurğulayıb. Çıxışlardan sonra iştirakçılar Şuşanın görməli yerlərini gəziblər.
Qeyd edək ki, layihənin keçirilməsində məqsəd tarixi və əzəli torpaqlarımızda otuz ilə yaxın sürən işğal dövründə törədilmiş barbarlıq, dağıdılmış abidələrimiz haqqında ictimaiyyəti bir daha məlumatlandırmaq, mədəni irsimiz, zəngin tariximiz və ənənələrimizi layihəyə qatılan yaradıcı insanların təqdim edəcəyi əsərlər vasitəsilə daha yaxından tanıtmaqdır.