Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Gənclər günü ərəfəsində BANM-in tələbə təşkilatlarının sədrləri ilə görüş keçirib.
Tehsil.biz xəbər verir ki, rektor tələbə təşkilatlarının fəaliyyətində səmərəliliyin artırılması istiqamətində müzakirələr aparıb, tətbiq olunan yeniliklərin tələbələrə çatdırılmasında operativliyin təmin edilməsi, tələbə təşkilatlarının rolunun genişləndirilməsi ilə bağlı təklifləri dinləyib.
E.Qasımov I kursların tələbə təşkilatları barədə daha yaxından məlumatlandırılması məqsədilə tələbə təşkilatlarının rəhbərlərinin fəaliyyətinin daha da aktivləşdirilməsini tövsiyə edib. Sonra təşkilat rəhbərləri pandemiya dövründə həyata keçirdikləri tədbirlər barədə ətraflı məlumat verib, fəaliyyət istiqamətlərinə uyğun olaraq təkliflərlə çıxış ediblər.
Klub rəhbərləri əsas məqsədlərinin BANM tələbələrinin intellektual səviyyələrinin yüksəldilməsi, bacarıqlarının təmənnasız şəkildə inkişaf etdirilməsi və onların asudə vaxtlarının səmərəli təşkil olunması olduğunu diqqətə çatdırıblar.
Məlumat üçün bildirək ki, BANM-də tələbə klubları ilk gündən gənclərdə vətənpərvərliyin təbliğatı, milli-mənəvi dəyərlərin qorunması, ictimai-sosial layihələrdə iştirak, könüllülük işinin təşkili və gənclər sahəsində beynəlxalq əməkdaşlığın təmin olunması istiqamətində müxtəlif tədbirlər və layihələr həyata keçirir.
Bu məqsədlə Ali Məktəbdə Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir. Bu qurumların tərkibində yaradılan müxtəlif formatlı klublar tələbələrin asudə vaxtının səmərəli təşkili üçün münbit şərait yaratmaqla yanaşı, onların idarəetməyə cəlb edilməsi, təşkilatçılıq, yaradıcı fəaliyyətlərinin inkişafı üçün dəstək, müxtəlif yerli, beynəlxalq layihələrə qatılmaları, bilik və bacarıqlarını nümayiş etdirmələrinə təkan verir, müntəzəm olaraq xeyriyyə konsertləri, qocalar və uşaq evlərinə səfərlər, maarifləndirici təlimlər keçirir.
Ali Məktəbdə “Neft Mühəndisləri Cəmiyyəti”, “Gənc Mühəndislər klubu”, “İntellektual oyunlar klubu”, “Fizika klubu”, “Riyaziyyat klubu”, “Kitab klubu”, “Debat klubu”, “Danışıq klubu”, “Rus dili klubu”, “Programming club”, “Cinema club”, “Animal care club”, “Musiqi klubu”, “Rəqs klubu” və “Teatr klubu” kimi müxətlif istiqamətləri əhatə edən klublar fəaliyyət göstərir.