Logo

Üçrəngli bayrağa sarınan gənclik

02.02.2021 14:36 725 baxış
IMG

Bəşər övladı təbiətin "şah əsəri" hesab edilir. Bu əsərin ən şaqraq hissəsi isə gəncliyin payına düşür. Gənclik ilk növbədə dünənlə sabah arasında bir körpüdür. Körpünün möhkəmliyi isə daxilimizdəki vətənpərvərlik duyğusundan, milli-mənəvi dəyərlərə bağlılıqdan, azərbaycançılıq ideologiyasına sonsuz sadiqlikdən asılıdır.

 

Əbəs yerə deyildi ki, dahi rəhbər Heydər Əliyev 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi ilk vaxtlar gənclər siyasətini, çətinliklə də olsa, başlatmış, onların milli ruhda yetişməsinə çalışmış, öz qayğısını əməli işlərilə fəaliyyətinin bütün dönəmlərində davam etdirmişdir. Sovetlər dönəmində o zamankı rejimin sərt siyasətinə baxmayaraq, cəmiyyətin gələcəyini, parlaq sabahını gənclərdə görən Heydər Əliyev respublikada tədris ocaqları, hərbi məktəb açmış, yüzlərlə, minlərlə gəncin təhsil alması üçün əlindən gələni əsirgəməmişdir.

 

Gənclərin yüksək biliklər qazanmasında, milli ruhda, milli düşüncədə formalaşmasında müstəsna xidmətlər göstərmiş Ulu öndər Heydər Əliyev bu siyasətin həyatiliyini və yaşarlığının da özülünü hakimiyyətinin birinci ilindən qoymuşdur. "Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır" - deyən Heydər Əliyev gənclər siyasətini ikinci hakimiyyət illərində də böyük şövqlə davam etdirmişdir.

 

Müasir və müstəqil Azərbaycanın qurucusu, nəbzi xalqın nəbzi ilə bir vuran Heydər Əliyev 1993-cü  ilin 22 sentyabrında ilk görüşünü məhz gənclərlə keçirdi. Həmin görüş zamanı gənclərə xitabən söylədiyi: "Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” - fikirləri gəncliyə həm rəhbər inamından irəli gəlirdi, həm də onlara dövlətçilik ənənələrini yaşatmağın çağırışı idi.

 

Sonrakı illərdə də Gənclər və İdman Nazirliyinin yaradılması, Azərbaycan Gənclərinin Birinci Formunun keçirilməsi və ən nəhayət 1997-ci il 2 fevral tarixinin “Azərbaycan Gəncləri Günü” elan edilməsi Heydər Əliyevin gənclərə göstərdiyi diqqətin, qayğının bariz nümunəsi idi. Gənclər siyasətinin həyatiliyi və yaşarlığı da məhz dahi rəhbərin birinci hakimiyyəti dövründən başlamış və bugünkü günə qədər də cənab Prezidentimiz İlham Əliyevin yüksək idarəçilik bacarığı ilə özünün yüksəlişini yaşamaqdadır.

 

Belə ki, cənab Prezidentimiz İlham Əliyev 2005-ci il avqustun 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında"  imzaladığı Sərəncam, habelə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Sərəncam və ayrıca olaraq 2007-ci ili "Gənclər ili" elan etməsi Azərbaycan gəncliyinə göstərilən böyük qayğının, diqqətin ən yüksək göstəricisi oldu. 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması da bu qəbildəndir. "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi isə Cənab Prezidentin gənclərə göstərdiyi diqqətin ən parlaq ifadəsidir.

 

2019-cu il noyabrın 26-sı Bakı Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə möhtəşəm mərasim təşkil olundu. Həmin mərasimdə çıxış edən cənab Prezidentimiz İlham Əliyev üzünü çoxminli Universitet gəncliyinə - tələbələrinə tutaraq: "Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin" - fikirlərini söylədi.

 

Bu məqamda elə həmin ilin bu günü Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında nitq söyləyən Prezident İlham Əliyevin: "Gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Şəhidlərimizin böyük əksəriyyəti gənclərimizdir. Gənclərimiz hərbi qələbələri şərtləndiriblər və Aprel döyüşləri şanlı tarixi qələbəmizdir" - sözlərini xatırlayaq. Həqiqətən də gənclərimiz 2020-ci ilin Vətən müharibəsində də ordumuzun şəxsi heyətinin əksəriyyətini təşkil etməklə bu müqəddəs müharibədə böyük pay sahibi oldular. Gənc ərənlərimiz düşmən tapdağından azad olunan hər qarış torpaqda üçrəngli qələbə bayrağımızı müqəddəs yurd yerlərimizə sancaraq: “Qarabağ Azərbaycandır!” - dedilər.

 

Azərbaycan gəncliyi hər zaman öz dövlətinə, rəhbərinə sonsuz tellərlə bağlıdır. 2021-ci il – Nizami Gəncəvi ilində dahi söz ustadının bugünlə səsləşən: "Çalış öz xalqının işinə yara, geysin əməlindən dünya zərxara" - misralarını həm özüm, həm də bütün gənclər üçün xitab edərək misal çəkməyi özümə borc bildim.

 

Gəncliyimiz mübarək!

 

Əsgər İsmayılov,

BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti