Logo

NDU-da müəllimlər günü qeyd edilib

06.10.2020 10:44 656 baxış
IMG

Naxçıvan Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Naxçıvan Dövlət Universitetində 5 oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, 1994-cü ildən YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü  tarixi “Müəllimlər günü” kimi ümumdünya səviyyəsində qeyd olunur. Bildirilib ki, ümummili lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Rektorun sözlərinə görə, ölkəmizdə təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsinin nəticəsidir ki, son illərdə bu sahədə mühüm dövlət proqramları icra olunur və kompleks tədbirlər həyata keçirilir. Ölkəmiz bu gün dünyada özünün müasir təhsil infrastrukturu və təhsil ənənələri ilə seçilir. Həmçinin diqqətə çatdırılıb ki, bugün bizlər üçün ikiqat bayramdır.  Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə Azərbaycan ordusu bir sıra yaşayış yerlərini, strateji postları və yüksəklikləri düşməndən azad edib. Bu münasibətlə müəllimləri təbrik edən rektor qeyd edib ki, ordumuzun qazandığı zəfər müəllimlər və bütün Azərbaycan xalqının ən qiymətli hədiyyəsidir. Azərbaycanın haqq işi uğrunda aparılan mübarizənin ordumuzun şanlı qələbəsi ilə bitəcəyinə əminlik ifadə olunub.

Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi Arzu Abdullayev vurğulayıb ki,  milli təhsil sisteminin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq son illərdə ölkəmizdə, o cümlədən muxtar respublikamızda heç bir dövrdə olmadığı qədər yeni məktəb binaları və müasir təhsil kompleksləri tikilib istifadəyə verilir. Sevindirici haldır ki, bu proses nəinki şəhər və rayon mərkəzlərini, ən ucqar kəndləri də əhatə edir. Diqqqətə çatdırılıb ki, muxtar respublikamızda müəllimlərin əməyi layiqincə qiymətləndirilir, onların sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır.

Sonra universitetə 628 balla qəbul olmuş I kurs tələbəsi Elnarə Abdullayeva çıxış edib.

Tələbə teatr studiyasının təqdimatında ədəbi-bədii kompozisiya tədbiri daha yaddqalan edib.

 

Xəbər lenti