Logo

Peşə təhsil müəssisələrinə tələbə qəbulunun II mərhələsinə 8 mindən çox plan yeri ayrılıb

30.08.2022 13:08 434 baxış
IMG

Avqustun 30-dan etibarən 2022/2023-cü tədris ili üzrə peşə təhsil müəssisələrinə boş qalan plan yerləri üçün elektron tələbə qəbulunun II mərhələsinə başlanılır.

Bu barədə "Tehsil.biz"ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, II mərhələdə müsabiqəyə ümumilikdə 8 min 500 boş qalmış plan yeri ayrılıb. Boş qalan yerlərə sənəd qəbulu sentyabrın 5-i saat 17:00-dək davam edəcək. Peşə təhsil müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər. Müraciətlər www.portal.edu.az platforması üzərindən elektron formada qəbul olunur.

Həmçinin peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər də II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıqdır.

Peşə təhsil müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır.

Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərini təqdim etmək üçün müraciət etməlidirlər.

Qeyd edək ki, peşə təhsil müəssisələrinə tələbə qəbulunun I mərhələsi avqust 1-12-də 66 peşə təhsil müəssisəsində 127 ixtisas olmaqla 23 min 340 yer üzrə aparılıb. İlk mərhələdə www.portal.edu.az platforması vasitəsilə 22 min 16 nəfərdən 59 min 993 müraciət daxil olub. Alınan nəticələr bu ilki müraciətçi sayının ötən ilin analoji göstəriciləri ilə müqayisədə 48 faziz çox olduğunu göstərir. Peşə təhsil müəssisələrinə qəbul olan namizədlərdən 12 min 669 nəfəri sənədlərini qəbul olunduğu təhsil müəssisəsinə təqdim ediblər.

Xəbər lenti