Logo

“Rəqəmsal bacarıqlar” layihəsi 300 000 şagirdi əhatə edəcək

31.08.2022 15:15 370 baxış
IMG

Elm və Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq məktəbi ilə birgə reallaşdırılan “Rəqəmsal bacarıqlar” layihəsinin ölkə üzrə əhəmiyyətini, uğurlu tətbiqini, eləcə də ictimaiyyət tərəfindən müsbət qarşılanmasını nəzərə alınaraq, layihənin 2022-2023-cü tədris ilində həm coğrafi (48 şəhər və rayon), həm də müəllim-şagird sayı baxımından əhatəsi genişləndirilir. Belə ki, yeni tədris ilindən etibarən layihə respublika üzrə bütün şagirdlərin təxminən 20 faizini, yəni 418 ümumi təhsil müəssisəsinin ll-XI  siniflərində təhsil alan 300 000 şagirdi əhatə edəcək. Ölkə üzrə təhsilverənlərin 2000-dən çoxunun layihə üzrə tədris etməsi nəzərdə tutulub ki, bu rəqəm ötən illərlə müqayisədə təxminən 50 faiz çoxdur.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə verilən məlumata görə, layihə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan, Şəki, Yevlax, Xaçmaz, Sabirabad, Salyan, Şəmkir, Göyçay və Şabranla yanaşı Astara, Ağsu, Bərdə, Cəlilabad, Hacıqabul, Quba, Kürdəmir, Masallı, Saatlı, Oğuz, Qax, Qusar, Qəbələ, Siyəzən, Tərtər, Ucar, İmişli, İsmayıllı, Ağcabədi, Ağstafa, Balakən, Beyləqan, Daşkəsən, Naftalan, Qazax, Samux, Tovuz, Zaqatala, Qobustan, Zərdab və Gədəbəyi əhatə edəcək. Hazırda layihəyə yeni qoşulan şəhər və rayonların informatika müəllimləri üçün istifadə olunan rəqəmsal sistemin uğurlu tətbiqi üzrə  ixtisasartırma təlimləri keçirilir.

Qeyd edək ki, 2021-2022-ci tədris ilində layihə 16 şəhər və rayonun 250 məktəbini və ümumilikdə 190 min şagirdi əhatə edib.

2017-2018-ci tədris ilindən həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsinin məqsədi təhsilalanlara alqoritmik təfəkkür, məntiqi təfəkkür, layihə hazırlama bacarıqları və proqramlaşdırmanın əsaslarını tədris etməkdir. 

Xəbər lenti