2022/2023-cü tədris ili üzrə peşə təhsili müəssisələrinə boş qalan plan yerləri üçün elektron tələbə qəbulunun II mərhələsi sentyabrın 5-dək davam edəcək.
Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, II mərhələdə ümumilikdə 8 min 500 boş qalmış plan yeri müsabiqəyə çıxarılıb. Bu mərhələdə müraciətçilər www.portal.edu.az platforması üzərindən elektron formada müraciət edə bilərlər. Peşə təhsili müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.
Həmçinin peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıqdır.
Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır.
Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərini təqdim etmək üçün müraciət etməlidirlər.
Qeyd edək ki, peşə məktəblərinə tələbə qəbulunun I mərhələsi avqustun 1-12-də 66 peşə təhsil müəssisəsində 127 ixtisas olmaqla 23 min 340 yer üzrə aparılıb. Birinci mərhələdə www.portal.edu.az platforması vasitəsilə 22 min 16 nəfərdən 59 min 993 müraciət daxil olub. Alınan nəticələr builki müraciətçi sayının ötən ilin analoji göstəriciləri ilə müqayisədə 48 faiz çox olduğunu göstərir. Peşə təhsili müəssisələrinə qəbul olan namizədlərdən 12 min 669 nəfəri sənədlərini müvafiq məktəblərə təqdim ediblər.