Avqustun 30-da 2022-2023-cü tədris ili üzrə peşə təhsili müəssisələrinə boş qalan plan yerləri üçün elektron tələbə qəbulunun II mərhələsinə start verilir.
Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Peşə təhsili müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər. Həmçinin peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər də II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıqdır.
Namizədlər www.portal.edu.az platforması üzərindən elektron formada qeydiyyatdan keçib müraciətlərini ünvanlaya bilərlər.
Boş qalan yerlərə sənəd qəbulu 5 sentyabr saat 17:00-dək davam edəcək.
Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır.
Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərini təqdim etmək üçün müraciət etməlidirlər.
Qeyd edək ki, II mərhələdə ümumilikdə 8500 boş qalmış plan yeri müsabiqəyə çıxarılıb.