Rusiyalı alim Naxçıvan Dövlət Universitetində beynəlxalq nüfuzlu elmi bazalara daxil olan jurnallar barədə vebinar təlim keçib.
Naxçıvan Dövlət Universitetində Beynəlxalq nüfuzlu elmi bazalara daxil olan jurnalların publikasiyaya uyğun seçilməsi üsullarına dair vebinar təlim keçirilib. Universitetin rektoru Elbrus İsayev ali təhsilin davamlı inkişafa nail olunması, alimlərin elmi məqalələrinin nüfuzlu beynəlxalq nəşrlərdə dərc olunmasına dəstək göstərilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, elmin və texnologiyanın inkişaf etdiyi, elmi kommunikasiyanın həyatımızın mühüm hissəsinə çevrildiyi bir dövrdə elmi jurnalların Web of Science və ya Scopus beynəlxalq elmmetrik məlumat bazalarına daxil edilməsində bir zəruriyyət vardır. Rektor universitetin “Elmi əsərlər” jurnalının “Web Of Sciense” də indeksləşməsi bazasına daxil olmağını gələcək fəaliyyət istiqaməti kimi önə çəkib.
Clarivate Analytics təşkilatının Azərbaycan, Gürcüstan və Ukrayna üzrə nümayəndəsi Sevinc Cəfərova təlimin məqsədindən danışıb, gələcək əməkdaşlığın perspektivlərinə toxunub.
Beynəlxalq nüfuzlu elmi bazalara daxil olan jurnalların publikasiyaya uyğun seçilməsi mövzusunda Beynəlxalq münasibətlər üzrə Moskva Dövlət İnstitutunun dosenti, linqvistika üzrə fəlsəfə doktoru Valeria Kurmakayeva bildirib ki, Web of Science (WoS) və Scopus hazırda dünyada ən nüfuzlu baza olaraq qəbul olunur. Web of Science bazasına 12 mindən, Scopus bazasına isə 25 mindən artıq jurnal daxildir. Hər il bu bazalar yenilənir, yeni jurnallar daxil edilir və ya bazadan çıxarılır. Vurğulanıb ki, Web of Science (WoS) – dünyada qarşılıqlı sitat gətirməni nəzərə alaraq akademik materialların referativ bazalarını özündə cəmləşdirən ən böyük axtarış platformalarından biridir və bu sitat gətirmənin əsasında hər bir jurnal ayrıca impakt-faktor alır. Hazırda 800 milyondan çox istinadları indeksləşdirən Web of Science elmmetrik platformasının əsasını təşkil edən üç əsas və yeni -Science Citation Index Expanded (SCIE) – təbiət və dəqiq elmləri, Social Sciences Citation Index (SSCI) – ictimai elmləri, Arts & Humanities Citation Index (AHCI) – humanitar elmlərini özündə cəmləşdirən bazalar mövcuddur. Qeyd edilib ki, nəşr standartlarının digər göstəricilərindən biri də məqalələrin resenziyadan keçməsidir, bu da təqdim olunan elmi materialların keyfiyyətinin, həmçinin, orada istinad edilən ədəbiyyat siyahısının dolğun şəkildə verildiyinin göstəricisidir. Beynəlxalq elmi jurnallarda məqalə dərci və bununla bağlı olan problemlər, tədqiqatçının elmi jurnal seçərkən diqqət yetirəcəyi əsas məqamlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Son illər kibercinayətkarlar tərəfindən bir alət kimi istifadə olunan “yırtıcı” və “oğurlanmış” jurnallar haqda məlumatlar, nümunələr və onları aşkar etmə üsulları barədə ətraflı məlumat verilib.
Onu da qeyd edək ki, 2018-ci ildə ölkəmiz elm sahəsində Scopus-un siyahısında 233 ölkə arasında 92-ci, WoS-un siyahısında isə 224 ölkə arasında 98-ci yerdədir. Görüşün sonunda müxtəlif elm sahələri üzrə ən nüfuzlu jurnalların axtarılıb tapılması, məqalələrin hazırlanması, nəşr prinsiplərinə dair təlimlərin bundan sonra da keçirilməsi qərara alınıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.