Avqust ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 43 764 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Tehsil.biz xəbər verir ki, statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 33 906 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 4 705 vətəndaş müraciət edib.
Avqust ayında BŞTİ-yə 3 256 sənəd (vətəndaşlar tərəfindən 1 964 ərizə, Təhsil Nazirliyindən 411, digər qurumlardan 136, məktəblərdən 381 məktub və 364 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 1 897 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə və məktəbəhazırlıq qruplarına qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul, informasiya təminatı və digər məsələləri əhatə edib.