Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimov avqustun 31-də Ağstafa rayon Heydər Əliyev Mərkəzində Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
Tehsil.biz xəbər verir ki, qəbuldan sonra nazir rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun müşayiəti ilə Ağstafada tarixi abidəyə və bir sıra mədəniyyət müəssisələrinə baxış keçirib.
Mədəniyyət naziri Ağstafa Dövlət Rəsm Qalereyasının fəaliyyəti ilə tanış olub. Bildirilib ki, 2008-ci ildən fəaliyyət göstərən qalereyanın ümumi fonduna rəngkarlıq və qrafik üslubunda işlənmiş 184 əsər daxildir.
Sonra nazir 1990-cı ildən fəaliyyət göstərən və 330 mindən çox kitab fondu olan Ağstafa rayon MKS-nin Mərkəzi Kitabxanasının fəaliyyəti ilə tanış olub. Daha sonra 1993-cü ildən fəaliyyətə başlayan və 1442 eksponatın mühafizə edildiyi Ağstafa Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirilib.
Səfər çərçivəsində Ağstafa rayon Mədəniyyət Mərkəzinə gələn nazirə məlumat verilib ki, 1990-cı ildən Mədəniyyət evi, 2015-ci ildən Mədəniyyət Mərkəzi kimi fəaliyyət göstərən müəssisənin binası 2016-cı ildə əsaslı təmir olunub.
Anar Kərimov Ağstafa şəhər Hüseyn Arif adına Uşaq Musiqi Məktəbinin fəaliyyəti ilə də tanış olub. Bildirilib ki, 1975-ci ildə yaradılan məktəb fəaliyyətini Prezident İlham Əliyevin 2014-cü il 30 iyun tarixli sərəncamı ilə müasir üslubda inşa edilən binada davam etdirir. Hazırda məktəbdə 40 sinif otağı mövcuddur, fortepiano, tar, kamança, saz, nağara, skripka, qarmon və xanəndəlik ixtisasları üzrə 235 şagird təhsil alır, 82 müəllim dərs deyir.
Ağstafaya səfəri çərçivəsində “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna gələn Anar Kərimov qoruq ərazisindəki “Ali Baş Komandan İlham Əliyev adına zirvə”də də olub. AMEA-nın Arxeologiya və Etnoqrafiya və Antropologiya İnstitutu tərəfindən Ceyrançuxur dərəsində “Ağstafa Gənclər evi” sosial xidmət müəssisəsi könüllülərinin də iştirakı ilə aparılan arxeoloji qazıntılara baxış keçirilib və “Yay məktəbi 2” layihəsi çərçivəsində Ceyrançuxur kurqanı ilə tanışlıq olub.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci il oktyabrın 12-də əraziyə səfər edib, zəngin tarixi-etnoqrafik maddi irsi özündə yaşadan bu abidələrlə tanış olub. Dövlət başçısının 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə sözügedən ərazi maddi mədəniyyət abidələrinin daha da dərindən öyrənilməsi, qorunması və təbliği məqsədilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib. Həmin vaxtdan qoruğun ərazisindəki strateji cəhətdən ən hündür yüksəkliklərdən biri ölkə Prezidentinin şərəfinə “İlham Əliyev adına zirvə" adlandırılıb. Zirvədə dövlət başçısının adı və məlum sərəncamı ilə bağlı məlumat lövhəsi iri daşlardan düzəldilmiş postament üzərində yerləşdirilib.