Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə cari ilin 28-30 avqust tarixində mədəniyyət beşiyimiz Şuşada “Şuşa yaradıcılıq emalatxanası” layihəsi həyata keçirilmişdir.
Tehsil.biz xəbər verir ki, layihə çərçivəsində Türkiyədən və Azərbaycandan olan 30-a yaxın müxtəlif yaş qrupundan olan yaradıcı insanlar Şuşa qalasını, Üzeyir bəyin, Natəvanın və Bülbülün güllələnmiş abidələrini, Üzeyir Hacıbəylinin evini, Cıdır düzünü, Vaqifin məqbərəsini, Yuxarı və Aşağı Gövhər ağa həmçinin Mamayı məscidlərini, Bülbülün ev muzeyini, Şuşa həbsxanasını, Şirin su hamamını ziyarət etmiş dağıdılmış evlərə baxmışlar.
Bəstəkar, musiqişünas, dramaturq, keramika, bədii tikmə, oymaçı, misgər, qiraətçi, şair, yazıçı, bloggerlərin təmsil olunduğu layihə iştirakçıları səfərdən xoş təəssüratlarla ayrılmışlar.
Layihənin keçirilməsində məqsəd tarixi və əzəli torpaqlarımızda həyata keçirilmiş barbarlıq, dağıdılmış abidələrimiz haqqında dünya və yerli ictimaiyyəti incəsənət əsərləri vasitəsilə daha ətraflı məlumatlandırmaq, zəngin tariximiz, mədəni irsimiz və ənənələrimizi yaradıcı insanların təqdim edəcəyi əsərlər vasitəsilə daha yaxından tanıtmaqdır.
Qeyd edək ki, səfər təəssüratlarından ilhamlanaraq sənətçilərin ərsəyə gətirəcəyi əsərlər bir müddət sonra Bakıda təşkil olunacaq tədbirdə geniş auditoriyaya təqdim olunacaqdır.