Logo

Damcılı mağarasında aparılan arxeoloji tədqiqat işləri müzakirə olunub - FOTOLAR

02.09.2022 00:18 615 baxış
IMG

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru professor Abbas Seyidov və professor Hidayət Cəfərov Qazax rayonu ərazisində yerləşən Damcılı mağarasında aparılan tədqiqatlarla tanış olublar.

İnstitutdan bildirilib ki, arxeoloqlar Damcılıda Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovla görüşüb, ölkə ərazisində aparılan arxeoloji tədqiqatlar haqqında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, 2015-ci ildə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi (indiki Mədəniyyət Nazirliyi) və Tokio Universiteti arasında imzalanan memoranduma əsasən Yaponiya-Azərbaycan birgə beynəlxalq arxeoloji ekspedisiyası təşkil olunub. Artıq beş ildir ki, burada birgə tədqiqatlar aparılır. 2016-2019-cu illərdə aparılmış tədqiqatların başlıca məqsədi regionda Neolitdən əvvəlki dövrlərdə (Paleolit və Mezolit) Orta Kür hövzəsində ovçuların sosial-iqtisadi həyatı haqqında məlumat əldə etməkdən ibarət olub. Tədqiqatlar nəticəsində 4 minə yaxın arxeoloji nümunə aşkar olunub.

Bu ilin avqust ayında birgə tədqiqatlar davam etdirilib. Tədqiqatlara “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları da cəlb olunublar. Tədqiqatların 2023-cü ildə də davam etdirilməsi qərara alınıb. Ən mühüm elmi nailiyyətlərdən biri mağarada Mezolit dövründən Neolit dövrünə keçidin izlənilməsidir.

Xəbər lenti