Lənkəran Peşə Liseyində dual təhsil proqramına tələbə qəbulu aparılır.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Müvafiq proqram üzrə təhsilalanlar turizm sahəsində iaşə mütəxəssisi, aşpaz, avtomobillərin təmiri çilingəri, mehmanxana inzibatçısı kimi çalışa bilərlər.
Qeyd edək ki, dual təhsil proqramı tələbənin tədris ili boyunca peşə məktəblərində nəzəri biliklərlə yanaşı, qabaqcıl şirkətlərdə işəgötürənlərlə birgə praktiki bacarıqlar əldə etməsini təmin edir.
Təhsil proqramı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən icra edilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində həyata keçirilir.
Müraciətlər sentyabrın 5-dək qəbul olunacaq.