Ali təhsil ocağında “Beynəlxalq turizm bu gün: reallıqlar və perspektivlər” mövzusunda onlayn konfrans keçirilib
Naxçıvan Dövlət Universitetində “Beynəlxalq turizm bu gün: reallıqlar və perspektivlər” mövzusunda onlayn konfrans keçirilib. Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, muxtar respublikada turizmin davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sektoru sosial-iqtisadi tərəqqinin aparıcı sahələrindən birinə çevirib. Həyata keçirilən tədbirlərin geniş vüsət almasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın xüsusi rolu vardır. Proqramın məqsədi muxtar respublikanın turizm potensialından tam istifadə edilməsi və bu sahədə müasir idarəetmə mexanizminin yaradılmasıdır. Rektor universitetdə “Turizm işinin təşkili” ixtisasının açılmasının muxtar respublikada bu istiqamət üzrə kadr hazırlığına töhvə kimi dəyərləndirib.
“Dayanıqlı beynəlxalq turizmin inkişafında təhlükəsizlik məsələləri” adlı çıxışında universitetin Bələdiyyə və turizm kafedrasının dosenti Əli Cabbarov ölkədaxili və beynəlxalq turizmin növlərindən danışıb. Vurğulanıb ki, muxtar respublikanın təhlükəsiz region kimi tanınması, keçirilən beynəlxalq və yerli əhəmiyyətli tədbirlər, təşkil edilmiş info-turlar, aparılan təbliğat işləri də turistlərin sayının artmasına müsbət təsir göstərib.
Həmin kafedranın müəllimi Nigar Bababəyli “Turizm təşkilinin beynəlxalq əhəmiyyəti” adlı çıxışında bildirib ki, mövcud təbii ehtiyatlar, əlverişli iqlim şəraiti, zəngin tarixi-mədəni irs cəlbedici turizm məhsullarını çoxaltmaq üçün əsaslı zəmin yaradır. Vurğulanıb ki, turizm insanların asudə vaxtlarının səmərəli təşkilinə və çox sayda yeni iş yerlərinin yaradılmasına səbəb olur.
“Dünya turizm pazarında yeni eğilimlər: Covid 19 sonrası aşırı turizmden sıfır turizme” adlı çıxışında “Anadolu” Universiteti Turizm fakültəsinin müəllimi İnci Oya Coşkun diqqətə çatdırıb ki, ən çox səyahət edilən ölkələr arasında Avropa ölkələri öz liderliyini qoruyub saxlayır. Vurğulanıb ki, ölkələrarası siyasi gərginlik, müharibələr turist axınına, başqa sözlə turizmə böyük zərbə vurur. Pandemiyanın turizm sənayesinə təsirləri, bu təsirlərin minimuma endirilməsi üçün görülən tədbirlər və turizmin mərhələli bərpa planı haqqında dməlumat verilib.
Azərbaycan Turizm və Menecment Universiteti “Menecment” kafedrasının müəllimi Məsumə Əliyeva “İnsan resursları: Turizm sektorunda rəqabət qabiliyyətinin əsas faktorlarından biri kimi” adlı çıxışında qeyd edib ki, ötən dövr ərzində turizm sektorunda görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün münbit şərait yaradılıb, beynəlxalq turizm bazarına inteqrasiya təmin olunub və milli turizm kompleksinin rəqabətə davamlığı yüksəldilib.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və Sertifikatlaşdırma sektorunun müdiri Həsən Kərimov, “Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı” adlı çıxışında vurğulayıb ki, Naxçıvanda son illərdə yaradılmış yüksək səviyyəli yol, rabitə, enerji infrastrukturu və sosial-mədəni şərait turizmin bir çox növləri üzrə geniş imkanlar yaradır. “Turizm və sosial mədəni Servis Xidməti” ixtisasının II kurs magistrantı Əfsanə İbrahimova “Naxçıvanda dini və müalicə turizm destinasiyaları” adlı çıxışında muxtar respublikada dini və müalicə turizm ehtiyatları haqda məlumat verib.
Konfransın sonunda belə nəticəyə gəlinib ki, turizmdə baş verən bütün neqativ halların qarşısını almaq üçün təkcə bir və ya bir neçə dövlət deyil, bütövlükdə dünya dövlətləri bu problemin həlli üçün birgə fəaliyyət göstərməlidirlər. Bu fəaliyət qarşılıqlı müqavilələrin imzalanmasında, normativ aktların qəbul olunmasında daha qabarıq özünü göstərməlidir, dövlətlər arasında təhlükəsizlik sazişləri imzalanmalı, sərhədlərə birgə nəzarət güclənməli, müasir texnologiyanın tətbiqindən geniş istifadə olunmalıdır.