Ümumölkə yerüstü radio yayımçısı lisenziyasının alınması üçün müsabiqəyə buraxılan iddiaçılar məlum olub.
"Tehsil.biz"in məlumatına görə, bu, Audiovizual Şurasının müvafiq qərarında öz əksini tapıb.
Belə ki, ümumölkə yerüstü radio yayımçısı lisenziyasının alınması üçün (istifadə edəcəyi radiotezliklər: Bakı Teleqüllə Kompleksindən – 90.7 MHs, İsmayıllı rayonu ərazisindəki "İvanovka" RTYS-dan - 104.5 MHs, Lənkəran rayonu ərazisindəki "Lənkəran" RTYS-dan - 89.6 MHs, Şuşa rayonu ərazisindəki "Şuşa" RTYS-dan - 98.0 MHs, Zaqatala rayonu ərazisindəki "Danaçı" RTYS-dan - 90.9 MHs) 13 iyul 2022-ci il tarixdən elan edilmiş müsabiqəyə sənəd təqdim etmiş aşağıdakı ərizəçilər iddiaçı kimi müsabiqəyə buraxılıb:
"Baku FM" MMC (radio kanalın adı: "Baku Hit FM")
"Retro FM" MMC (radio kanalın adı: "Baku Retro FM")
"NHR" MMC (radio kanalın adı: "Yurd FM")
Müsabiqəyə buraxılmış iddiaçıların sənədlərinin və zəruri halda yerində yayım imkanlarının araşdırılması üçün Şura üzvlərindən və Şura aparatının mütəxəssislərindən ibarət müsabiqə komissiyası yaradılıb.
Qeyd olunub ki, komissiya müsabiqəyə sənəd təqdim etmiş iddiaçıların yayım konsepsiyaları, kadr və yaradıcılıq, habelə maliyyə-iqtisadi potensialı barədə yekun rəy hazırlayıb 15 gün ərzində Şura üzvlərinə təqdim etməlidir.