150 nömrəli məktəbdə müəllimə daha sonra isə texniki işçi kimi çalışan qadın hakim qarşısına çıxarılıb. Narkotik vasitələrin satışında ittiham olunan qadınla birlikdə daha bir nəfər hakim önündədir.
Tehsil.biz Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Mirvari Hüseynova və Elşən Məmmədlinin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmənin baxış iclası fevralın 10-na təyin edilib.
Qeyd edək ki, 57 yaşlı M.Hüdeynova Bakı Metropolitenində polis tərəfindən saxlanılıb. O, psixotrop dərmanlar satmaqda şübhəli bilinib.
Axtarış zamanı onun çantasında 900 ədəd psixotrop "Tramadol” həbi və 56 ədəd "Paden-300” kapsulu tapılıb.
M.Hüseynovanın təkbaşına fəaliyyət göstərməyib. M.Hüseynova Elşən Məmmədlidən kuryer kimi istifadə edib. O, M.Hüseynovanın adından malı alıcıya çatdırıb və pulu götürüb. "Tramadol”un 10 həbi 120 manata satılıb.