Özbəkistanın bütün bölgələrində ölkənin dövlət müstəqilliyinin 31-ci ildönümü böyük təntənə ilə qeyd edilir.
Tehsil.biz xəbər verir ki, Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsinin iştirakçısı Bahodir Allabergonov bildirib ki, bu münasibətlə Xarəzm vilayətinin qədim şəhərlərindən biri olan Xivədə, o cümlədən “İçan qala” dövlət muzey-qoruğunda “Yeni Özbəkistanda el əziz, insan əziz” şüarı altında bayram şənliyi keçirilib. Bu tədbirlərdə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından musiqi parçaları səsləndirilib.
Ogahi adına Xarəzm rayon musiqili dram teatrının kollektivinin və rəqs qruplarının təqdim etdikləri Azərbaycan musiqisi yerli sakinlərin və turistlərin alqışları ilə qarşılanıb. Onlar böyük Üzeyir bəyin ecazkar musiqisinin sədaları altında rəqs ediblər.