Logo

İstedadlı adamlara paxıllıq edənlər – Tomas Bernhardın “Luzer” romanı haqqında

03.09.2022 20:19 333 baxış
IMG

Kulis.az Namiq Hüseynlinin “İstedadlı adamlara paxıllıq edən luzerlər. Tomas Bernhard və onun “Luzer” romanı haqqında” yazısını təqdim edir.

Ruhuma ən yaxın yazıçını bundan hardasa 10 il öncə türk ədəbiyyat dərgilərinin birindən tanımışam. Bu daim cəmiyyətlə münaqişədə olan deyingən qoca obrazlı avstriya yazıçısı Tomas Bernharddır. Son beş ildə onun üç geniş həcmli romanını (“Odun doğramaq”, “Luzer”, “Köhnə ustalar”) oxuyub bitirmişəm, ona görə düşündüm ki, “triologiyadan” onun ən bəyəndiyim kitabı olan “Luzer” romanı haqda yazam. Beləliklə, gəlin Bernhardın doğma ölkəsi Avstriyaya gedək və onunla birlikdə şəhər kənarında, kimsəsiz bir bağ evində düşüncələrə dalaq. Burda bizi günəş, ya da istirahət yox, Bernhard`ın bədbinlik, qara yumor, acıdil tənqidləri ilə dolu dünyası gözləyir. Bernhard`ın dünyasında hava da, əhval-ruhiyyə də da həmişə bəd, qüssəlidir.

***

Burdaca deyim ki, Tomas Bernhardın ədəbi kimliyi bizim yazıçı Seymur Baycana bir az oxşayır. Bernhard yaşlı yazıçıları, tənqidçiləri, ədəbi mükafat verənləri, jurnal redaktorlarını, naşirləri, mədəniyyət nazirini amansızca tənqid edir. Bernhard da Seymur Baycan kimi yoxluqla və müharibə ilə dolu bir uşaqlıqdan keçir, müharibə dövründə ikiüzlülüyü ilə seçilən almandilli yazarları səmimiyyətsizliyinə dözmür. Bernhard da Seymur Baycan kimi həyatı boyu tənhadır, müxtəlif yad ölkələrdə və şəhərlərdə yaşayır. Ancaq ədalət xatirinə demək lazımdır ki, bu iki yazıçı arasında intellektual kimliklərinə görə fərqlər də mövcuddur. Bernhard mükəmməl musiqi və teatr təhsili alır. Sənət haqda ixtisaslaşmış biliklərə sahibdir, gözəl pianoçudur, aseksualdır və qadınlar haqda müsbət ya da mənfi heç nə yazmır, qadın qəhramanları nisbətən azdır. Bu yazıçı əsasən sənət romanları, şeirlər və pyeslər yazır, sənətdəki problemləri, sənətkarın psixoloji portretini çəkməyə çalışır.

“Holzfällen”in (Odun doğramaq) teatra nəzər saldığı və “Alte Meister”in (Köhnə ustalar) sənət dünyası haqda bizdə təsəvvür yaratdığı trilogiyada, “Der Untergeher” (Luzer) musiqi və daha dəqiqi isə piano virtuozunun həyatı haqdadır. Romanın əsas bəhs etdiyi mövzular dahilik, dahini yaradan ağır zəhmət və iddialılıq, istedada paxıllıq və ölüm kimi mövzulardır. “Luzer” romanı orta yaşlı avstriyalı ədəbiyyat adamının (çox güman Bernhardın öz obrazıdır) bir neçə ildir köçüb yaşadığı Madriddən köhnə dostu Uertheimerin dəfn mərasimində iştirak etmək üçün gəlməsi ilə başlayır.

Romanın böyük hissəsi əhvalatı nəql edənin beyninin içində baş verir. Roman yüzlərlə, minlərlə xatirənin bir yerə toplanması və adda-budda canlanması ilə bərqərar olur. Romanda otuz-qırx il öncə tale yolları bir nöqtədə kəsişmiş üç musiqiçinin həyatından bəhs edilir. Bu üç nəfər birlikdə Salzburg şəhərindəki Mozarteum musiqi məktəbini bitirdikdən sonra, rus əsilli amerikan musiqiçisi Vladimir Horouitzin piano kursuna gedirlər. Üç nəfər arasında ən istadadlısı Glenn Goulddur və digər iki nəfər onun istedadına daim heyranlıq duyurlar. Doğurdan da, Glenn Gould bir müddət sonra dünyada məşhur bir piano virtuozuna çevrilir. Nəql edənin söhbətlərindən məlum olur ki, Mozarteumda və Horowitz kursundakı musiqi dərsləri onun həyatının ən həyacanlı, gözəl illərindən biri olub və ondan sonra müntəzəm olaraq həyat enişə doğru gedir, kimsəsizlik, boşluq, mənasızlıq, bozluq onu boğur. Bernhard Glenn Gouldu ulduz kimi yenicə parlayan vaxtlarından başlayaraq təsvir etməyə başlayır. Bernhard və Wertheimer Salzburgda Gould`la qarşılaşanda dərhal onun nə qədər böyük istedad sahibi olduğunu öyrənirlər və ona dərin heyranlıq duyurlar. Kitabın qalan hissəsi bu iki adamın həmin istedada pərəstiş və qısqanclıq duyması, ona bənzəməyə çalışmalarından bəhs edir. Ancaq bir müddət sonra əhvalatı nəql edən, Gould kimi böyük piano virtuozu ola bilməyəcəyini anlayıb geri addım atır, öz “Steinway” markalı fortepianosunu balaca bir qız uşağına hədiyyə edib özü musiqidən uzaqlaşır. Amma Uertheimer bunu bacarmır, elə uşaqlıq illərindəki Glenn Gouldun möhtəşəm istedadına həyacanlı vurğunluğu və dəhşətli qısqanclığı davam edir.

Bernhardın yavaş-yavaş irəliləyən və ucu-bucağı görünməyən xatirələrinin təhkiyəsində uzun-uzun üç yoldaşdan biri Uertheimerin şəhərdən kənarda olan bağ evindən bəhs olunur. Uertheimer varlı bir ailənin övladıdır, heç vaxt evlənməyib. Bacısı ilə bir evdə yaşayır, bacısının ərə getməsinə və ya kişilərlə hər hansı ünsiyyət qurmasına imkan vermir. Qorxur ki, bacısı bir gün ərə gedə və onu tərk edərək böyük malikanədə tək qoya. Musiqini çox sevir, səhər-axşam piano çalır, ancaq qısqanclıqdan nifrət etdiyi dahi Glenn Gouldda heç zaman çatmayacağını ağlına gətirmək istəmir, çünki bu onun sonudur. Aforistik fikirlərdən ibarət kitab yazır, amma redaktə etdikcə kitab kiçildikcə kiçilir və sonra kitabı çap etmədən tam məhv edir. Günlərlə evinə qapanır, evdən çölə çıxmır, heç kimlə danışmaq istəmir, tez-tez digər dostları Bernharda (yəni romanın müəllifinə) və Glenn Goulda məktublar yazır. Romanın adındakı “Der Untergeher” – yəni “Luzer” də elə Uertheimerə aiddir.

Bernhard “Luzer” romanında Glenn Gouldun fövqündə klassik musiqiyə sevgisini belə ifadə edir:

“Der ideale Klavierspieler (er sagte niemals Pianist!) ist der, der Klavier sein will und ich sage mir ja auch jeden Tag, wenn ich aufwache, ich will der Steinway sein, nicht der Mensch, der auf dem Steinway spielt, der Steinway selbst will ich sein.”

“İdeal piano ifaçısı (o heç vaxt pianoçu deməzdi!) ‒ pianoya çevrilmək istəməlidir və mən hər gün yuxudan oyananda öz-özümə deyirəm ki, mən Steinway olmaq istəyirəm, Steinway-də ifa edən şəxs yox, Steinway-in özü olmaq istəyirəm”.

Musiqidə kamilliyə can atarkən ancaq Gould uğurlu olur və əhvaları nəql edən Gouldun bu kamilliyinin yekunda onu necə məhv etdiyini yazır. Nəql edən, Glenn Gouldun 50 yaşında piano arxasında “Goldberg variyasiyalarını” ifa edərkən insultdan ölməsini əqli bitkinlik üzündən baş verən ölüm kimi xarakterizə edir. O düşünür ki, musiqi ilə qidalanan pianoçu axırda musiqi üzündən tükənib məhv olur.

Gouldun adı kitabda önə çıxsa da o burda ikinci dərəcəli surətdir və birinci dərəcəli surətlər olan iki avstriyalı musiqi məktəbi sinif yoldaşı Bernhard və Uertheimerin dostluqlarını təsvir etmək üçün Gould obrazından çox bəhs olunur. Məhz Gould Uertheimerə Luzer ləqəbini verir və avstriyalı musiqiçi kanadalı musiqiçi Gouldun ifasını eşitdikləri ilk andan başlayaraq heç vaxt onun kimi böyük musiqiçi ola bilməyəcəyi fərqindəliyi ilə yanıb tutuşur. Uertheimer Salzburgda, taleyin təsadüfən onları qarşılaşdırmasından sonra anlayır ki, o heç vaxt dünyaca məşhur sənətçi ola bilməyəcək.

Bu qarşılaşmanın ardınca ilahi istedada vurğunluğun və paxıllığın qarşısında bir insanın şam kimi əriyib sönməsi təsvir olunur. Var-dövləti və özünə görə müəyyən musiqi istedadı olan Uertheimer həyatının qalan hissəsini miskin və bütün həyat eşqi ölmüş, qəbirdəymiş kimi yaşayır. Uertheimer qaraqabaq və üzügülməz, özünü məhvə meylli və dəhşətli dərəcədə eqoistdir. Kitabın ikinci hissəsində Uertheimer`in həyatında baş verən əsas qırılma təsvir olunur, belə ki, o yaşı ötmüş bacısının evi tərk edib getməməsi üçün dəridən-qabıqdan çıxır və onun isveçrəli biznesmenlə evlənməməsi üçün mübarizə aparır. Bernhard müntəzəm olaraq varlı, ancaq bu dünyada heç cürə yaşayıb həyatda qala bilməyən bir adama çevrilən eqoistin portretini yaradır. Uertheimer öz hakimiyyəti altında saxladığı, insanlar arasında son sığınacaq yeri olan bacısının varlı isveçərəliylə qaçıb ona ərə getməsini eşidəndə gedib bacısının Zizersdəki evi yaxınlığında özünü asır və bu təklənmiş eqoist üçün əlamətdar ölüm olur.

“Wertheimer hatte Glenn nacheifern wollen, dachte ich, es gleichzeitig der Schwester zeigen wollen, ihr alles heimzahlen wollen, indem er sich ausgerechnet nur hundert Schritte vor ihrem Haus in Zizers erhängt hat. Er hat sich eine Fahrkarte nach Zizers bei Chur gelöst und ist nach Zizers gefahren und hat sich hundert Schritte vor dem Haus der Schwester aufgehängt”.

“Wertheimer Glenndən geri qalmaq istəmirdi, deyə düşündüm, həm də bacısını cəzalandırmaq, onunla hər şeyi saf-çürük etmək istəyirdi, buna görə də özünü Zizersdə, bacısının evinin lap yaxınında, yüz addımlığında özünü asdı. Churda Zizers qatarına bilet aldı, Zizersə getdi və bacısının evinin yüz addımlığında özünü asdı”.

Qəribədir ki, əhvalatı danışan və özü də Mozaretumda oxuyan üç tələbədn biri olan Bernhard Glenn Gouldun təsirindən zədə almadan çıxır. Trionun üçüncü üzvü və romanda özü də varlı bir ailədən gələn, işləməyə ehtiyacı olmayan Bernhard özünün musiqidəki uğursuzluğuna elə də ürəyinə salmır, heç bir təəssüf keçirmədən musiqi kariyerasından uzaqlaşır. Ancaq romanda dərinə getdikcə, bir o qədər çox müəllifin etirazçılığını görürsən. Əhvalatı danışan, dostu Uerthheimerdən üstünlüyünü daim qabartmağa çalışır. Çünki o, Uerthheimer kimi keçmişdə ilişib qalmayıb, musiqi kariyerasından sağlam şəkildə aralanıb, psixologiyasını sağlam saxlayıb, bacısı, ya da anası ilə birgə yaşamır, müstəqil şəxsdir, pis-yaxşı kariyerası var. Ancaq romanın sonlarına getdikcə əhvalatı danışanın özünün də Avstriya cəmiyyətinin soyuqluğu, bozluğu, çirkinliyi, sevgisizliyi içində ümüdsüzlüyə qapılıb həyatdan bezdiyi fərqinə varırsan. O Avstriyadakı, xüsusilə ömrünün bir hissəsini yaşadığı Salzburgdakı sıxıntını və burdakı insanların bozluq və mənasızlıqdan tez-tez intiharını belə təsvir edir:

“Wenn wir dem Ersten begegnen, müssen wir aufgeben, dachte ich. Glenn habe ich merkwürdigerweise auf dem Mönchsberg kennengelernt, auf meinem Kindheitsberg. Ich hatte ihn zwar schon vorher im Mozarteum gesehen, aber kein Wort mit ihm gesprochen gehabt vor dieser Begegnung auf dem Mönchsberg, der auch der Selbstmordberg genannt wird, weil er wie nichts sonst für den Selbstmord geeignet ist und es stürzen sich ja auch wenigstens drei oder vier allwöchentlich von ihm aus in die Tiefe. Die Selbstmörder fahren mit dem Lift im Innern des Berges auf ihn hinauf, gehen ein paar Schritte und stürzen sich in die Stadt hinunter. Die auf der Straße Aufgeplatzten haben mich immer fasziniert und ich selbst bin (wie übrigens Wertheimer auch!) sehr oft auf den Mönchsberg hinaufgestiegen oder hinaufgefahren in der Absicht, mich von ihm hinunter zu stürzen, aber ich habe mich nicht hinuntergestürzt (wie auch Wertheimer nicht!)”.

“Qəribə də olsa, Glenn`lə ilk dəfə Mönchsberg dağında – uşaqlığımın dağında qarşılaşmışdım, düzdü, onu əvvəlcə Mozarteum`da da görmüşdüm, amma birinci dəfə Mönchsberg dağında qarşılaşıb söhbət etmişdik, bu dağa həm də “İntihar dağı” deyirlər, çünki burda intihar üçün olduqca əlverişli şərait var və hər həftə azı üç-dörd nəfər özünü burdan aşağı atır. İntihar etmək istəyənlər dağın içində quraşdırılmış liftlə yuxarı qalxır, bir neçə addım irəliləyib və özünü düz şəhərin küçələrindən birinə tullayır. Küçəyə düşüb parçalanan meyitlər məni həmişə ovsunlayıb və mən də (Uertheimer də həmçinin!) dəfələrlə özümü atmaq məqsədiylə bu dağa çıxmışdım, amma heç vaxt da bu məqsədimi gerçəkləşdirmədim (Wertheimer də həmçinin!). Mən (Uertheimer kimi!) dəfələrlə özümü intihara hazırlamışdım, amma Uertheimer kimi mən də özümü aşağı atmamışdım”...

Açıq demək lazımdırsa Bernhardın nihilist dünya görüşü mənim xoşuma gəlir. Onun təsvir etdiyi Avstriya cəmiyyəti və ümumən almandilli yazarlar, sənət adamlarının toplaşdığı çevrə istedadsız, diletant, yaltaq insan kütləsidir. Bernhard dayanmadan ən acı sözlərlə tənqid edir. Ona görə də “Luzer” romanı tamamilə Bernhard düşüncə üslubunu əks etdirir. Belə ki, qəzəbli Bernhard Glenn Gouldan başqa heç kim haqda xoş sözlərlə danışmır. O sənət adamlarını, mənasız diletantları və ölkəsini – xüsusilə Vyananı tənqid edir, belə hiss olunur ki, tənqidlərdən böyük məmnunluq duyur. Xüsusən, Salzburg Bernhardın təsvirində dünyanın ən sıxıcı, ən boz, ən uğursuz şəhəridir, əhalisi isə ucdantutma axmaqlardır:

“Drei Tage sei Glenn in den Zauber dieser Stadt vernarrt gewesen, dann habe er plötzlich gesehen, daß dieser Zauber, wie gesagt wird, ein fauler sei, daß diese Schönheit im Grunde abstoßend ist und die Menschen in dieser abstoßenden Schönheit gemein seien.” (səh.19)

“Glenn üç gün Salzburg`a heyran oldu, sonra isə bu təəssüratın yanılma olduğunu gördü, gördü ki, bu şəhərin gözəlliyi iyrəncdir, bu iyrənc gözəllik içində yaşayan adamlar da iyrəncdir”.

Əhvalat boyu dövr edən belə melanxolik, tənqidçi və nihilist fikirlər narahatlıq əvəzinə oxucuda qəribə şəkildə rahatlıq, sakitlik hissi yaradır (çox güman ki, Bernhard bu fikri bəyənməzdi!).

Bernhardın üslubu onu ilk dəfə oxuyanlar üçün olduqca çətin gələ bilər, xüsusilə onun müthiş bədbinliyi, insanlara və şəhərlərə (xüsusilə Avstriyanın şəhərləri) bəslədiyi nifrət insanda bir ruh düşkünlüyü yarada bilər, buna görə onu həzm etmək çətinləşər. Kitabda insan psixologiyasının dərinliklərinə, xüsusilə şər düşüncələrin təbiətinə eniş, sənət adamları arasında paxıllıq və qısqanclıq ənənəsi çox gözəl təsvir edilir. Dahilik dərəcəsində istedadlı olan Glenn Goulda Uerthheimerin duyduğu paxıllıq qarışığı heyranlıq axırda onun həyatını necə məhv etdiyindən danışlır.

Xəbər lenti