"Nazirin “Məktəblər təhsil vermir və biz bunu bilirik” kimi açıqlaması bunun həqiqətəuyğun olmaması barədə rəsmi açıqlama verilməzdən qabaq da o qədər də inandırıcı görünmürdü. Bununla belə son brifinqdə “bəzi müəllimlərin şagird qarşısına çıxması günahdır” kimi etirafında müəyyən həqiqət var. Bəlkə də, el arasında “zehni əməyin qara bazarı”, “kölgə təhsilinin atributu” adlandırılan qeyri-rəsmi fəaliyyət sahəsi sayılan, əslində məktəb mühitinə dağıdıcı təsir göstərən repetitorluğun gündən-günə çiçəklənməsində və rişələnməsində bu amilin də rolu az deyil”.
Tehsil.biz xəbər verir ki, bu fikirləri təhsil eksperti Nadir İsrafilov bildirib.
O, qeyd edib ki, repetitorluq nə dünənin, nə də bu günümüzün məsələsi olmayıb:
"Təhsilimizdə təşəkkül tapdığı vaxtlardan bu yana cəmiyyəti maraqlandıran, düşündürən, eyni zamanda, birmənalı qarşılanmayan problemdir. Təhsil sahəsində müntəzəm aparılan dəyişikliklərə, yeniləşmə və təkmilləşdirmə tədbirlərinə baxmayaraq, repetitorluq da inkişaf edir, hətta məktəbəqədər təhsil də daxil olmaqla özünə yeni-yeni tərəfdarlar toplayaraq geniş auditoriya qazanmaqda davam edir".
Ekspertin sözlərinə görə, məsələnin yoluna qoyulmasında mürəkkəblik və ziddiyyət ondan ibarətdir ki, bu qeyri-rəsmi fəaliyyət sahəsinin tərəfdarları və əleyhdarları sanki, sözləşərək yarıbayarıya bölünüblər:
"Repetitorluğu “təhsilimizin bəlası”, “zehni əməyin qara bazarı”, “kölgə təhsilinin atributu” adlandıranlar da var, bu fəaliyyət növünə “məktəbi və onun nüfuzunu xilasetmə vasitəsi” kimi baxanlar da, yeni qəbul modelinin repetitorların fəaliyyətinə son qoyacağı ümidi ilə yaşayanlar da. Məsələnin ciddiliyi bir də ondadır ki, baxmayaraq, repetitorluq qeyri-rəsmi fəaliyyət sahəsi kimi müəyyən rəğbət qazanır, rəsmi təhsilin qeyri-rəsmi təhsildən asılı vəziyyətə salınmasına xidmət edir, bununla belə mövcud qanunvericilikdə şəxsin asudə vaxtında repetitorluq xidmətinin göstərilməsinə məhduddiyyət nəzərdə tutulmayıb. Yəni, insanların öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər fəaliyyət növü ilə məşğul olmaq onların Konstitusiya ilə təsbit olunmuş hüququdur. Lakin, bu şərtlə ki, qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edildiyində və repetitorluqla məşğul olan şəxs sahibkarlıq fəaliyyətinə başlandığı günə qədər yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır. Repetitorluğun qayəsini ali məktəbə hazırlıq təşkil edir. Şagirdin nüfuzundan və reklamından asılı olaraq hansı repetitorun yanına getməsini, vəd olunan hazırlığın nə qədər müddətə başa çatacağını və digər məsələləri araşdırsaq, bunun valideyinə hansı məbləğə başa gələcəyini müəyyənləşdirmək o qədər də çətin deyil”.
Ekspert vurğulayıb ki, abituriyentin tələbə olması üçün ailəsinin nə qədər pul xərcləyəcəyi valideynlərinin öhdəsinə buraxılır, başqa sözlə, dövlət və özəl universitetlərdə ödənişli ixtisaslar istisna olmaqla digər əlavə pullu təhsil xidmətləri valideynin arzu və istəyindən asılı olaraq könüllülük prinsipi əsasında həyata keçirilir:
"Yəni hər hansı bir valideynin övladını repetitor yanına göndərməsi, müxtəlif profilli hazırlıq kurslarına, o cümlədən də xaricdə təhsil proqramlarına yönəltməsi onun öz seçimidir. Olsun, elə isə bəs fəsadları necə olsun...? Əgər ümumtəhsil məktəbində təhsil alanı lazımi biliklərə məktəbin təhsilverəni yiyələndirmirsə bəs onda məktəbin, müəllimin funksiyasına nə daxildir? Ümumiyyətlə götürdükdə repetitorluq nə deməkdir? Bilməyən varsa bilsin ki, təhsilimizdə ciddi fəsadlarla müşayət olunan, kimlərəsə doğmalaşan, kimlərəsə yad görünən bu əcnəbı ifadə latıncadan tərcümədə sadəcə olaraq “təkrarlayıcı”, “təkrar edən” anlamına gəlir. Əgər bir vaxtlar tədris planı və proqramları ilə nəzərdə tutulmuş hər bölmənın sonunda təkrara dair 1-2 dərs saatı, hər kursun sonunda isə imtahanqabağı yekun təkrara ayrılan 15-20 saatlıq dərs məşğələləri tədbiq olunsaydı bu funksiya elə məktəbdə, elə dərs prosesindəcə, elə həmın məktəbin müəllimi tərəfındən də yerinə yetirilə bilərdi” - deyə ekspert qeyd edib. Onun sözlərinə görə, bir neçə il öncə, Bakıda repetitorluq edən müəllimlərlə müqavilə imzalanacağı barədə xəbərlər gündəmi zəbt etmişdi. Verilən açıqlamalara və yayılan məlumatlara əsasən məktəblərdə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyət müqavilələrinin bağlanmasına dair qərar verilməsi bildirilirdi. Qərara əsasən, Təhsil idarəsi hər hansı fiziki və hüququ şəxslə və üçüncü tərəf olaraq məktəblə birgə fəaliyyət haqqında müqavilə imzalaya bilərdi. Bakı şəhəri üzrə Təhsil idarəsi rəsmisinin sözlərinə görə valdeynlərin əlavə ödənişləri hesabına şagirdlərə məktəblərdə əlavə xidmətlər göstəriləcəkdi. Bununla belə, repetitorluqla məşğul olanların cərimələnməsi barədə faktlara da ara-sıra təsadüf edirik".
N.İsrafilov bildirib ki, əgər mövcud durumda repetitorluq bu dərəcədə qaçılmazdırsa, məktəblərin reytinqi hələ ki, ali təhsil müəssisələrinə qəbulun nəticələri ilə ölçülürsə, ən yaxşı məktəb ali təhsil müəssisələrinə qəbulun nəticələrinə əsasən müəyyən olunursa, təhsil elitar və eqelitar xarakter alıbsa, repetitorluğu inzibati yollarla aradan qaldırmaq qeyri-mümkündürsə, bəlkə onu sahibkarlıq fəaliyyətinin bir növü kimi rəsmiləşdirmək barədə düşünək:
"Bu halda həm məktəb qazanar, həm müəllim, həm şagird və valideyn. Şagird əlavə hazırlıq üçün, artıq məsafə qət etməyib, öz məktəbində, öz müəllimləri ilə məşğul olar. Bir məkandan digər məkana gediş-gəlişlərə son qoyular. Dəsdən yayınma halları nəzərə çarpacaq dərəcədə azalar. Valideynin öz övladının məktəbdə olması barəsində arxayınçılığı tam təmin olunar, onun etdiyi ödənişi kənar mənbəələrə deyil, məhz müəllimin, təhsil aldığı məktəbin ehtiyaclarına hesablanar. Müəllim-şagird-valideyn münasibətləri tənzimlənər. Repetitorluğun leqallaşdırılması nəticəsində habelə aşkarlıq və şəffaflıq prinsiplərinin işlək mexanizmləri yaradılmış olar. Ən başlıcası isə uzun müddətdən bəri mübahisə və polemika obyekti olan bu taleyüklü məsələyə nöqtə qoyulmasa belə, prosesin daha da təkmilləşdirilməsi istiqamətində yeni və daha optimal təkliflərin hazırlanmasına zəmin yaranar".
“Nə qədər ki, test qalacaq, qəbul ixtisas qrupları üzrə aparılacaq, repetitorluq fəaliyyəti də qaçılmaz olacaq. Beləliklə, qarşısında üzbəüz qaldığımız dilemmanın çözülməsinin iki yolu var: Ya, repetitorluğu leqallaşdıraraq rəsmiləşdirmək, ya da məktəb təhsilinin keyfiyyətini yaxşılaşdıraraq repetitor xidmətindən asılılığı ortadan qaldırmaq”,- deyə İsrafilov qeyd edib.