Masallı rayonu Miyankü kəndində birinci Qarabağ şəhidi Nadir Aslanovun adını daşıyan məktəb qazsız qalıb.
TEHSİL.BİZ xəbər verir ki, bu barədə "Qafqazinfo"ya şəhidin qardaşı Həzi Aslanov məlumat verib.
O qeyd edib ki, fevralın 1-dən dərslər açılsa da, uşaqlar sinif otaqları soyuq olduğuna görə 3 gündür dərsə gedə bilmir: "Biz məsələylə bağlı icra başçısıyla görüşdük. O, rayonun qaz idarəsinin rəisinə tapşırıq verdi ki, məsələ həll edilsin. İdarə rəisi gəlib bu gün dedi ki məktəbin sayğacı yoxdur. Ona görə də texniki şərtə əsasən qaz verə bilmirlər. Ötən il məktəbə sayğac qoyulmuşdu, rayonun qaz idarəsinin rəisləri tez-tez dəyişir. Yeni rəis gələndən sonra sayğac götürülüb. Bundan əlavə, qaz turbası asfaltın altında qırılıb. İndi birləşdirmək üçün 50 metr uzunluğunda turba lazımdır. Direktora təklif edilib ki, müəllimlərdən pul yığılsın qaz turbasını birləşdirək. Başa düşmürük ki, bu məsələni niyə müəllimlər pul yığıb həll etməlidir?".
Məsələ ilə bağlı Azəriqaz İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərovla əlaqə saxlanılıb.
O bildirib ki, həmin məktəbin qaz xətti məktəbin balansındadır: "Buna görə də o xəttdə yol keçidinin yeraltı hissəsində qaz sızması baş verib. Bu barədə məktəb rəhbərliyinə, rayon təhsil şöbəsinə müraciət edilib ki, problemi aradan qaldırmağa çalışsınlar. Çünki qaz sızması hadisəsi təhlükəli haldır. İcra hakimiyyəti də yerli idarə tərəfindən məlumatlandırılıb. Bu gün onlar xəttin dəyişdirilməsiylə bağlı razılığa gəliblər. Biz isə problemin həllində texniki baxımdan işçi verməyə hazırıq".