Logo

“PRO-ACADEMY” təlim-tədris mərkəzinin açılışı keçiriləcək

05.09.2022 15:20 933 baxış
IMG

Sentyabrın 20-də Azərbaycanın ən böyük kibertəhlükəsizlik müəssisələrindən biri olan PROSOL Şirkəti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə layihəsi olaraq ərsəyə gələn “PRO-ACADEMY” təlim-tədris mərkəzinin açılışı keçiriləcək.

Bu barədə ADNSU-dan məlumat verilib.

“PRO-ACADEMY”nin əsas məqsədi Azərbaycanda kibertəhlükəsizlik üzrə yerli və milli kadrların hazırlanması, gənc mütəxəssislərin, həmçinin bu istiqamətdə təhsil alan tələbələrin bilik və bacarıqlarının daha da artırılması yolu ilə onların ölkəmizə qazandırılmasıdır. Müasir dövrün ən böyük hədəflərindən birinə çevrilən kibertəhdidlər həm fərdlər, həm şirkətlər, həm də dövlətlər üçün ciddi fəsadlar yaradır. Getdikcə daha təhlükəli hal alan bu tendensiya ölkələrin belə çağırışlara qarşı özünün müdafiə potensialını formalaşdırmasını şərtləndirir. Bu mənada, Azərbaycanda da yüksək biliyə və təcrübəyə sahib olan mütəxəssislərin hazırlanması, onların ölkəmizə qazandırılması mühüm əhəmiyyət kəsb edir.

PROSOL Şirkəti ilə ADNSU-nun birgə yaratdıqları akademik mərkəz, məhz kiberçağırışlara qarşı effektiv mübarizə aparılması ehtiyacından ortaya çıxıb. Mərkəz öz tələbələrinə kiberhücum, kibermüdafiə, kiberaraşdırma və qiymətləndirmə, kibersiyasətlər, qaydalar və prosedurlar, eləcə də digər aktual istiqamətlərdə təhsil verəcək. Qeyd edək ki, PROSOL Şirkətinə məxsus Kibertəlim Mərkəzində son bir il ərzində təmənnasız olaraq 50-dək kiberanalitik və mütəxəssis hazırlanaraq ölkə bazarına qazandırılıb.

“PRO-ACADEMY” təlim-tədris mərkəzinin açılış mərasimi ADNSU-nun binasında olacaq.

Xəbər lenti