Məlum olduğu kimi, Nizami rayonu ərazisində fəaliyyət göstərən "Mehnur" loqopedik-defektoloji xidmət mərkəzində azyaşlıların tərbiyəçi tərəfindən döyülməsini əks etdirən video yayılıb. Görüntülərdən də aydın olur ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlara mərkəzin “tərbiyəçi”ləri tərəfindən işgəncə verilir, saçları yolunur, zor tətbiq edilir. Videonun sosial şəbəkələrdə yayılmasından sonra aidiyyəti strukturlar tərəfindən mərkəzin psixoloqu və digər səlahiyyətli şəxsləri saxlanılıb. Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb.
Tehsil.biz “Qafqazinfo”ya istinadən xəbər verir ki, bundan daha əvvəl də dəfələrlə sosial şəbəkələrdə müxtəlif təyinatlı uşaq mərkəzlərində işgəncə halları ilə bağlı məlumat və görüntülər yayılıb. Bəzi hallarda isə əllərində belə faktlar olsa da, valideynlər onları ictimailəşdirməkdən çəkinirlər.
Məsələn, bu günlərdə jurnalist Esmira Cavadova feysbuk hesabında paytaxtdakı reabilitasiya mərkəzlərindən birində psixoloqun autist azyaşlını yerə yıxaraq təpikləməsini, başını yerə vurduğunu yazmışdı. Lakin valideynlərin etirazı səbəbindən fakt işıqlandırılmayıb və belə görünür ki, günahkar şəxslər cəzasız qalıb: “Valideyni məsələni ictimailəşdirməyə dəvət etsəm də, dedi ki, əri razı deyil. Sonra mən bu barədə burada post yazdım. Valideyn vatsapa "uşağın atası vəzifəli adamdır, ona görə istəmirik bu iş ictimailəşsin, sizə də yazdığınız üçün ayıb olsun", yazıb məni blokladı. Belə valideynlər susduqca, hələ dilsiz-ağızsız, bu dünyadan uzaq çox uşağın başı döşəməyə çırpılacaq, qulağı çəkiləcək, naləsi göyə qalxacaq”.
Maraqlıdır ki, mərkəzlərin bəzilərində videomüşahidə kameraları olsa da, bəzən kameralar bütün otaqlarda quraşdırılmır və ya işləmir. Hətta belə iddialar da var ki, bu tipli mərkəzlərdə kamera quraşdırılmayan xüsusi “danlaq otaqları” da olur ki, burada uşaqlara fiziki zorakılıq edilir.
Video yayılandan sonra sosial şəbəkələrdə müzakirə edilməyə başlanan əsas məsələlərdən biri də belə mərkəzlərə verilən icazələrin çox rahat başa gəlməsidir. Belə ki, vətəndaşların sözlərinə görə, pulu, əlində imkanları olan istənilən şəxs Azərbaycanda uşaqlarla bağlı mərkəz aça bilir. Qeyri-peşəkar, azyaşlılarla işləmək təcrübəsi olmayan, az maaşa cəlb edilən müəllimlər isə işinə elə məlum videodakı kimi yanaşır. Mərkəzləri idarə edənlər də iş adamı adını qazanmaqla yanaşı, maddi vəziyyətlərini daha da yaxşılaşdırır. Övladını müəyyən məbləğ ödəyərək bu mərkəzlərə qoyan valideyn isə çox vaxt zorakılıq hallarını ya videolardan görür, ya da görməzdən gəlir...
Bəs belə mərkəzlər necə fəaliyyət göstərir? Rəhbərlikdən hansı sənədlər tələb olunur? Azyaşlılarla işləyəcək mütəxəssislər necə seçilir?
Məsələ ilə əlaqədar təhsil eksperti Elçin Əfəndi saytımıza bildirib ki, belə halların olmaması üçün aidiyyəti qurumlar, o cümlədən, Təhsil və Səhiyyə Nazirliklərinin icazəsi alınmalıdır: “Ölkədə sahibkarlıq fəaliyyətinə dəstək verilir, bəziləri də bundan sui-istifadə edirlər. Belə özəl mərkəzlərin qeydiyyatdan keçməsi çox asandır. Mühasib tapıb şirkəti biznes fəaliyyəti göstərəcəkləri adı ilə qeydiyyatdan keçirirlər. Hətta başqa ad altında qeydiyyatdan keçib adını sonradan dəyişirlər.
Əgər autizmli uşaqlarla, o cümlədən, fiziki sağlamlığında və ya nitqində problem olan uşaqlarla işləyiriksə, birinci növbədə müvafiq instansiyaların - Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin lisenziyası olmalıdır. Bu qurumlardan razılıq alındıqdan sonra fəaliyyət göstərmək olar. Bizdə isə Məhdud Məsuliyyətli Cəmiyyət kimi hansısa ad altında qeydiyyatdan keçib biznes obyekti kimi fəaliyyətə başlayırlar. Sorğulanmır ki, burada çalışan şəxsin müvafiq ixtisası varmı?! Mərkəzə rəhbərlik edən şəxsin uşaqların yaş psixologiyaslı ilə bağlı xəbəri varmı? Kortəbii formada seçim aparılır və bəziləri fürsət bilib bundan yararlanırlar. Nəticədə uşaqların incidilməsi, döyülməsi ilə bağlı faktlar ortaya çıxır”.
Ekspert həmçinin əlavə edib ki, valideynlər də bir çox hallarda bu kimi məqamları nəzərə almırlar, uşaqları həmin yerlərə təhvil verirlər. Ortalığa çıxan mənzərədən sonra xəbər tuturlar ki, uşaqlarına qarşı belə hallar olub: “Valideynlər vaxtında maraqlansalar ki, həmin mərkəz dövlət qeydiyyatına alınıbmı, lisenziyası varmı, orada kimlər fəaliyyət göstərir, belə hallar olmaz. Özəl uşaq bağçaları açılanda yataqxanası olacaqsa onların, partaların hündürlüyü, eninə qədər hər şey nəzərə alınır. Bu mərkəzləri açanlar isə qanunvercilikdə hansısa boşluqlardan istifadə ediblər və sənədləri təqdim etmirlər. Nəticədə gördüyümüz görüntülər ortaya çıxır. Ali və orta ixtisas təhsil müəssisələrində korreksiyaedici təlimlər verilir. Əslində belə mərkəzlərdə çalışanlar bu ixtisasları bitirən şəxslər olmalıdır.
E. Əfəndinin sözlərinə görə, Təhsil, İqtisadiyyat, Səhiyyə və Daxili İşlər Nazirlikləri mütəşəkkil formada əməli tədbirlər həyata keçirməlidirlər.
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinə sorğu ünvanladıq. Qurumdan "Qafqazinfo"ya verilən cavabda bildirildi ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazə sisteminin tənzimlənməsinin hüquqi, iqtisadi və təşkilati əsasları “Lisenziyalar və icazələr haqqında” Qanunla tənzimlənir: "Həmin Qanunun 1 və 2 nömrəli əlavələri ilə müəyyən edilən lisenziya tələb olunan fəaliyyət növləri siyahısında sözügedən fəaliyyət üçün lisenziya nəzərdə tutulmayıb.
Məlumat üçün qeyd edək ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində "MehNur" adlı müəssisəyə hər hansı fəaliyyət növünə dair lisenziyanın verilməsinə barədə məlumat qeydə alınmayıb".
Səhiyyə Nazirliyinə ünvanladığımız sorğu isə belə cavablandırıldı: "Bildiririk ki, psixoloji yardım, defektoloqlar, loqopedlər, praktik psixoloqların fəaliyyəti “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 21.0.3-cü maddəsinə əsasən müraciətinizdə qeyd olunan ixtisaslar həkimlər tərəfindən deyil, təhsilverənlər pedaqoji işçilər -müəllimlər, məsləhətçilər, tərbiyəçilər, müəllim köməkçiləri, çağrışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, uşaq birliyi rəhbərləri, laborantlar, kitabxanaçılar, sosial xidmət sahəsinin işçiləri, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, metodistlər, təhsil müəssisəsində çalışan konsertmeysterlər və məşqçilər, ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan digər şəxslər tərəfindən həyata keçirilir".
Sözügedən mövzu haqda Təhsil Nazirliyinin də mövqeyini öyrənməyə çalışdıq, qurumdan gün ərzində sorğuya cavab veriləcəyi bildirildi.
Qeyd edək ki, hadisə ilə əlaqədar Səhiyyə Nazirliyi Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalara başlanıldığını açıqlayıb. Komissiya Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aydiyyatı qurumların nümayəndələrindən ibarətdir. Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq.