Logo

Məni eşq əl atıb dərdi budaqdan – Füruğ Fərruxzadın şeirləri

05.09.2022 23:43 485 baxış
IMG

Kulis.az çağdaş fars poeziyasının görkəmli simalarından biri olan Füruğ Fərruxzadın şeirlərini təqdim edir.

Əlvida

Gedirəm çarəsiz yorğun halımla,
Gedirəm xaraba mənzilimə mən.
Götürüb bu dərdli ürəyimi də
Baş alıb gedirəm şəhərinizdən.

Aparıram burdan çox uzaqlara,
Yuyub təmizləyim günahdan onu.
Silim ürəyimdən eşqin izini,
Silim bu diləyi, bu puç arzunu.

Aparıram, səndən uzaqlaşdırım,
Səndən, ey yalançı ümid çırağı.
Gömüm diri-diri qara torpağa,
Yadına salmasın ta qovuşmağı.

İcazə ver, qaçım səndən uzağa,
Rəqs edir göz yaşı, titrəyir nalə.
Bəlkə, ey günahın qaynar bulağı,
Səndən uzaq durmaq yaxşıdır elə.

Mən ki xoşbəxtliyin qönçəsi idim,
Məni eşq əl atıb dərdi budaqdan.
Döndüm ah oduna heyif, dodağım
Nəsibin almadı həmin dodaqdan.

Ayağım bağlandı səfər ipinə,
Üzümdə təbəssüm, içimdə al qan,
Gedirəm, əlini çək ürəyimdən,
Sən ey puç ümid, ey mənasız güman.

Payız

Ey payız, ey toza bulaşmış yolçu,
Nədir ətəyində o gizlətdiyin?
Beş-altı saralmış, solmuş, qurumuş
Yarpaqdan savayı nəyin var, nəyin?

Şairin qəlbinə kədər doldurur
Günəşin qürubu, səssiz batmağı?
Dərddən, soyuqluqdan başqa nə verir
Qəmli ürəyimə sənin qucağın?

İncidir könlümü, yaman incidir
Məhzun sükutunda yatan ağrılar.
Pərdəarxasında xəyallarımın
Oynayır qol-qola itkin arzular.

Ey payız, ey xəyal dolu musiqi,
Ey payız, ey qəmli, kədərli nəğmə,
Bənzəyirsən təbiətin üzündə
Solğun bir gülüşə, bir təbəssümə.

Hürkmüş adam

Özüm də bilmirəm, nə istəyirəm,
Nəyin arxasınca düşürəm hər gün,
Yorğun baxışlarım nəyi axtarır,
Görən əldən düşüb ürək nə üçün?

Daha yan gəzirəm dostlarımdan da,
Sakitcə hamıdan indi qaçıram,
Dalmış bu gözlərim qaranlıqlara,
Xəstə ürəyimə qulaq asıram.

Qaçıram zahirdən dosttək görünüb
Qəlbində düşmənlik edən kəslərdən,
Riyakarcasına gülüb üzümə
Dalımca torbamı tikən kəslərdən,

Şe'rimi eşidib mənim üzümə
Bir tər çiçək kimi açılanlardan,
Amma xəlvətlərə çəkilən zaman
Mənə dəli deyə ad qoyanlardan.

Ah, könlüm, ay mənim divanə könlüm,
Səni yandırdı bu biganəliklər.
Daha heç kim üçün ağlama, bəsdir
Bu dəliliklər, bu divanəliklər.

Farscadan tərcümə edən: Azər Ərzi

Xəbər lenti