Bakı Dövlət Universitetinin (BDU) bu gün keçirilən iclasında BDU rektoru Elçin Babayev Elmi Şura üzvlərini bir daha tarixi qələbəmiz münasibətilə təbrik edərək 44 günlük Vətən müharibəsi, ərazilərimizin işğaldan azad olunmasından söz açaraq Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun zəfərinin tariximizin ən parlaq səhifələrindən olduğunu qeyd edib. Vətən müharibəsində qazanılan parlaq qələbənin ölkənin uğurlu inkişafının nəticəsi olduğunu vurğulayaraq Azərbaycanın bu möhtəşəm zəfəri Ali Baş Komandanın müdrik qərarları, rəşadətli ordumuzun gücü və xalqımızın sarsılmaz həmrəyliyi sayəsində qazandığına diqqət çəkib. Vətən müharibəsi dövründə BDU-nun müəllim və tələbələrinin informasiya müharibəsində fəal iştirak etməsindən danışıb, müharibədə iştirak edən BDU məzun və tələbələrindən söz açıb, BDU şəhidlərinin xatirəsinin daima əziz tutulacağına diqqət çəkib.
Elmi Şuranın iclasında ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılan YAŞAT Fonduna 50 min manat və işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasına dəstək məqsədilə yaradılmış Qarabağ Dirçəliş Fonduna 100 min manat ianə edilməsi haqqında qərar qəbul edilib.