Fevralın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi 2 fevral – “Azərbaycan Gəncləri Günü” münasibəti ilə 2020-ci il ərzində universitetin ictimai fəaliyyətdə və tədrisdə fərqlənən tələbələri, o cümlədən tələbə təşkilatlarının rəhbərləri ilə onlayn görüş keçirib. Microsoft Teams platformasında keçirilən görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, Sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev, Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli iştirak edib.
Görüşdə çıxış edən prof. C. Cəfərov iştirakçıları Gənclər günü münasibətilə təbrik edərək pandemiya dövründə ADPU tələbələrinin həm distant tədrisdə, həm ictimai-sosial sferada xüsusi fərqləndiyini qeyd edib. O Vətən üçün bu günün fədakar tələbə-gənclərinin, sabahın qayğıkeş müəllimləri kimi yetişdiyini vurğulayıb. Çıxış edənlərdən prof. F. Rzayev və dos. E. Aslanov son bir ildə ictimai və tədris sahəsində görülən işlərdən və əldə olunan müsbət nəticələrdən danışıb, bunun bariz nümunəsi kimi, ADPU-nun Tələbə Gənclər Təşkilatının (TGT) yaxın günlərdə “İlin TGT-si” seçilməsini, son iki imtahan sessiyasında da tələbələrin yüksək ÜOMG göstəriciləri ilə seçildiklərini ifadə ediblər. Tələbələr gənclər günü ilə bağlı öz təəsüratlarını bölüşüblər.
Sonra universitet rəhbərliyi tərəfindən son bir ildə tədrisdə xüsusilə fərqlənən 10 nəfər və ictimai fəaliyyətdə xüsusilə fərqlənən 15 nəfər tələbə Fəxri Fərmanla təltif olunub.
Qeyd edək ki, Gənclər günü ilə bağlı tələbələrlə silsilə onlayn görüşlər və tələbələrin təltif olunması o cümlədən ADPU-nun Şamaxı, Ağcabədi, Cəlilabad, Quba və Şəki filiallarında da keçirilib.