Logo

Peşə bacarıqlarının inkişafına dair Cənubi Koreya təcrübəsi öyrənilir

06.09.2022 14:54 405 baxış
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin “K-Star Partnership Program for Skills Development” proqramı çərçivəsində Cənubi Koreyaya işgüzar səfəri baş tutub.

Agentlikdən bildirilib ki, səfərin əsas məqsədi bacarıqların inkişafına dair Koreya təcrübəsinin öyrənilməsi olub.

Nümayəndə heyəti öncə Koreyanın Çanvon şəhərində baş tutan Koreya İnsan Resurslarının İnkişafı Xidməti (HRDKorea) tərəfindən təşkil olunan 57-ci bacarıq yarışlarının (2022 Gyeongsangnam-do 57th National Skills Competition) açılış mərasimində  iştirak edib. Daha sonra nümayəndələr bacarıq yarışlarının ilk günü 13 bacarıq üzrə keçirilən müsabiqədə iştirak edərək, yarışların keçirilmə və qiymətləndirmə prosesi ilə yaxından tanış olublar. Sözügedən 13 bacarıq üzrə müsabiqə aşpazlıq, qrafik dizayn, veb texnologiyalar, gülçülük, bərbər, qənnadıçılıq və mexantronika kimi ixtisaslar üzrə aparılıb.

Agentlik nümayəndələri Koreya İnsan Resurslarının İnkişafı Xidmətinin (HRDKorea) vitse-prezidenti ilə görüşüblər.

Görüşdən sonra təşkil olunan seminarda Peşə Təhsili üzrə Dövlət Agentliyinin Direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini , “WorldSkills Azerbaijan”ın rəsmi nümayəndəsi Ceyhun Kərəmov “WorldSkills Azerbaijan” və peşə təhsili sahəsində indiyə kimi görülən işləri təqdim edib. Təqdimatdan sonra iştirak edən digər ölkə nümayəndələri ilə birgə bacarıq yarışlarının təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

İşgüzar səfərin son günü nümayəndə heyəti Koreyanın Biliklərin Transferi üzrə Qlobal İnstitutunu (GIFTS) ziyarət edərək, “WorldSkills Korea” iştirakçılarının beynəlxalq yarışlara hazırlıq prosesi ilə tanış olublar.

Xatırladaq ki, bu günə kimi Peşə Təhsili üzrə Dövlət Agentliyi və Koreyanın Biliklərin Transferi üzrə Qlobal İnstitutunun (GIFTS) əməkdaşlığı çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tikintisi, sözügedən peşə təhsil mərkəzində çalışan işçi və müəllim heyətinin Koreyada təlimlərə cəlb edilməsi, peşə mərkəzi üçün alınan avadanlığın qurulması ilə bağlı treninqlərin keçirilməsi və bir çox digər fəaliyyətlər baş tutub.

Xəbər lenti