Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 1-ci Beynəlxalq İsrail-Özbəkistan Akademik Forumu çərçivəsində 3-cü STEM^2 (Science, Societi, Technology, Tourism, Engineering, Education, Mathematics and Medicine) və "21-ci əsrdə ali təhsilin rolu və yeri" adlı elmi konfranslarda iştirak edir.
Tehsil.biz xəbər verir ki, konfransda İsrail və Özbəkistanın bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə yanaşı, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Finlandiyadan nüfuzlu alim və mütəxəssislər təmsil olunur. Forumun keçirilməsində məqsəd beynəlxalq akademik əməkdaşlığın müxtəlif aspektlərini, akademik qurumların 5 illik hədəflərini və son elmi nailiyyətləri müzakirə etməkdir.
Konfransda çıxış edən BDU-nun rektoru Elçin Babayev ölkəmizdə elmin və təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələrdən bəhs edib, BDU-nun beynəlxalq əlaqələri, ikili diplom proqramları və Universitetdə aparılan tədris, elmi tədqiqat işləri haqqında konfrans iştirakçılarına məlumat verib. Rektor BDU-nun strateji tərəfdaşları olan İsrail və Özbəkistan universitetləri ilə əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb. Bildirib ki, BDU Avropa və dünya tendensiyalarına uyğun qabaqcıl texnologiya və nailiyyətlər səviyyəsində peşəkar sahələrin yaradılması və inkişafını təmin edə bilən mütəxəssislər, elmi və elmi-pedaqoji, mühəndis-texniki kadrlar hazırlayan, sənaye müəssisələri ilə olan mövcud əlaqələri inkişaf etdirməklə elmi nəticələri kommersiyalaşdıran struktura və bazaya malikdir. Son dövrlər BDU beynəlxalq əlaqələrini genişləndirir, dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlıq əlaqələri qurur, bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə birgə kadr hazırlığı, ikili diplom proqramına dair müqavilələr imzalayır.
Konfrans çərçivəsində BDU-nun rektoru Daşkənd Milli Universiteti və Riyaziyyat İnstitutunda olub, Daşkənd şəhərində yeni salınmış Heydər Əliyev meydanında inşa olunmuş Memorial kompleksi ziyarət edib.
Daha sonra rektor Elçin Babayev Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzində olub. Rektor Mərkəzdə Ulu öndər Heydər Əliyevin büstünü ehtiramla yad edib, büstün önünə gül dəstələri düzüb.
Mərkəzin direktoru, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin məzunu, Azərbaycanın Özbəkistandakı səfirliyinin mədəniyyət attaşesi Samir Abbasov Mərkəz haqqında məlumat verib. Qeyd edib ki, Mərkəzdə Heydər Əliyev muzeyi, Azərbaycanın dövlətçilik tarixi muzeyi, Azərbaycanın və Özbəkistanın müştərək tarixi muzeyi təşkil olunub. O, mərkəzin həyata keçirdiyi tədbirlər barədə məlumat verərək, Özbəkistanla Azərbaycanın mədəni əlaqələrinin inkişafında Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin xüsusi rolu olduğunu vurğulayıb.
Rektor Elçin Babayev eyni soya, ortaq tarixə və mədəniyyətə, milli adət-ənənələrə sahib Azərbaycan və özbək xalqları arasındakı dostluq və qardaşlığın dərin tarixi köklərə malik olduğunu bildirib. O, Ulu öndər Heydər Əliyev və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri sayəsində 1995-ci ildən etibarən ölkələrimiz arasında siyasi münasibətlərin yaradıldığını vurğulayıb. Qeyd edib ki, qardaş Özbəkistan dövləti Ümummilli liderimizə hər zaman özünün yüksək sevgisini və rəğbətini ifadə edib. Bu ali sevginin ifadəsi kimi 2010-cu il sentyabrın 27-də Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistanın o zamankı Baş naziri – hazırkı dövlət başçısı Şavkat Mirziyoyevin iştirakı və xeyir-duaları ilə Heydər Əliyev adına Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb. Elçin Babayev Mərkəzdə fəaliyyət göstərən muzeylərin hər birində sərgilənən tarixi sənədlər, nadir eksponatların ölkələrimiz arasında qədim tarixi və mədəni əlaqələrin bariz nümunələri kimi xüsusi əhəmiyyətə malik olduğunu deyib.
Rektor daha sonra BDU-nun nəşr etdiyi ikicildlik “Azərbaycan Respublikasının tarixi (1991-2021-ci illər)” kitabını Heydər Əliyev adına Mədəniyyət Mərkəzinə hədiyyə edib.
Qeyd edək ki, 2022-ci il 5-11 sentyabr tarixlərində keçirilən Forum öz işinə Buxara və Səmərqənd şəhərlərində davam edəcək.