Logo

Gec "oyandım", gün "getdi"

07.09.2022 20:53 384 baxış
IMG

Vaxt getdikcə daralır, gün də batar-batmaz idi. Kitab mağazasının bağlanmasına az qalırdı. 

Sürətlə hərəkət etdiyimdən ürəyim ağzımda döyünür, yol da uzandıqca uzanırdı. Elə bil ayaqlarımla deyil, çəkməyə vurulan mıx kimi başı üstə yeriyirdim. 

Bu vaxt ürəyim üstə dövrə vuran saat əqrəbləri qəlbimi tən ortaya bölür: saat 18:00.

Beləliklə, vaxt yetişdi. Mən isə mənzil başına vaxtında yetişə bilmədim. 

Ayaq saxladım. Beynimdə "gedim-getməyim" dilemması var-gəl edir, məndən qəti qərar gözləyirdi. Amma yolu davam etdim. Gec də olsa kitab mağazasına çatdım.

Mağazanın yaxınlığında bədəncə dolu, bəstəboy, yaşlı kişi divar rəngləyirdi. Kişi işini yekunlaşdırmaq üzrə idi. Birdən gözü mənə sataşdı:

- Nə lazımdır, cavan oğlan?

- Bilmirsiniz, kitab mağazası çoxdan bağlanıb? - dedim. Deyəsən, sualımı anlamadı, ya da... Dərin pauzadan sonra yaşlı kişinin dodağı altda mızıldadığını eşitdim: "Bunlar da bizim saatı qaçıran ili tuta bilməyən cavanlarımız".

Əslində haqlı irad idi. Atalarımızın da dediyi kimi: "Vaxtında görülməyən iş həmişə yarımçıq qalar".

Əsgər İsmayılov, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti