Logo

“Media və təhsil dialoqu” mövzusunda ikigünlük təlim-seminar keçirilir - FOTOLAR

08.09.2022 16:44 463 baxış
IMG

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Media və təhsil dialoqu” mövzusunda ikigünlük təlim-seminar keçirilir.

Tehsil.biz xəbər verir ki, Azərbaycan-Fransız Universitetində təşkil edilən təlim-seminarın məqsədi təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov tədbiri açaraq təlim-seminarın əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu formatda tədbirlərə 2014-cü ildən başlanılıb.

Təlim-seminarın birinci günündə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun fəaliyyət istiqamətləri və məqsədləri barədə məlumat verib.

E.Nəsibov bildirib ki, Fond Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2021-ci il tarixli fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2022-ci il tarixli qərarı ilə yaradılıb. Təhsilin İnkişafı Fondunun əsas vəzifəsi təhsilin inkişafı ilə bağlı dövlət siyasətinin formalaşdırılmasında, təhsil və iqtisadiyyatın inteqrasiyasının gücləndirilməsində iştirak etmək, təhsil sisteminin inkişafına yönəlmiş ictimai və sosial əhəmiyyətli proqram və layihələri maliyyələşdirmək, təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına dəstək, təhsilin inkişafını təşviq edən mexanizmlərin hazırlanması və icrasında iştirak etmək, nazirliyin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və maddi təminatının yaxşılaşdırılmasına yardım etməkdən ibarətdir.

Bununla yanaşı, qurumun rəhbəri Təhsilin İnkişafı Fonduna ianələrin edilməsi formaları açıqlayıb. "İanələr aşağıdakı formada oluna bilər. Birincisi Təhsilin İnkişafı Fonduna, ikincisi hər hansı konkret tematik layihə üçün (məsələn, inklüziv təhsil, qızların təhsili, STEAM, infrastruktur və s.), üçüncüsü isə öz məktəbinə ianə etmək yolu ilə mümkündür. İanələri edən fiziki və hüquqi şəxslər açıq və ya anonim şəkildə qala bilər. Qeyri-maddi vəsaitlə ianə edən fiziki və ya hüquqi şəxslərə tərəfdaş sertifikatları təqdim oluna bilər.

Çıxışın sonunda Elnur Nəsibov media nüməyəndələrinin suallarını cavablandırıb.

Təlim-seminar “regional təhsil idarələri və məktəbəqədər təhsil müəssisələri”, “peşə təhsilindən gözləntilər”, “ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi”, “elm və ali təhsil sahəsində yeni addımlar” və “müəllimlərin işə qəbulu prosesi”mövzularında çıxış və təqdimatlarla davam edib.

Xəbər lenti