8 avqustda mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva görkəmli sənətşünas, professor, Azərbaycan Rəssamlar İttifaqının üzvü Sevil Salman qızı Bədəlova və rəssam, dosent, sənətşünaslıq üzrə elmlər namizədi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Rasim Məmməd oğlu Nəzirov ilə görüşüb.
Tehsil.biz xəbər verir ki, görüşdə uzun illər boyu Azərbaycan mədəniyyəti və incəsənətinə verdikləri töhfələri, həmçinin zəngin mədəniyyətimizin ölkə daxilində və xaricində təbliğ edilməsində rollarının qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Fəxri Fərman"ı ilə təltif olunan Sevil Bədəlova və Rasim Nəzirova mükafatları təqdim olunub.
Qeyd edək ki, Rasim Nəzirov 1979-cu ildən etibarən ölkədaxili və beynəlxalq sərgilərin fəal iştirakçısı olub. Ona məxsus olan natürmort, portret, mənzərə mövzularındakı əsərlər Gürcüstan, Rusiya, Polşa, Əfqanistan, Türkiyə və digər ölkələrdə sərgilənmişdir. O, “Məryam Ana”, “Apostol”, “Natürmort”, “Qadın portreti”, “Şərgin lampası”, “İlk zərbə”, “Toplumun oyuncusu”, “Süd yolu”, “Model” və digər əsərlərin yaradıcısıdır. Həmçinin Rasim Nəzirov “Müasir incəsənətin aktual problemləri”, “Xəttin təsviri sənətdə rolu”, “Mədəniyyətin sintezi”, “Şərgin miniatür rəngkarlığında impovizasiyanın rolu” adlı elmi məqalələrin müəllifidir.
Görkəmli sənətşünas, professor Sevil Bədəlova isə rəssam H. Nəzərov, karikaturist rəssam R. Qədimov, R. Mehdiyev və Ə. Əzimzadə adına məktəbin 60 illiyinə həsr olunan monoqrafiyaların müəllifidir. Sevil Bədəlova Rəssamlar İttifaqında çalışdığı müddət ərzində təşkil olunmuş sərgilərin bütün kataloqlarının ön sözlərinin, həmçinin “XX əsr dünya incəsənəti”, “Dekorativ tətbigi incəsənət” metodik vəsaitləri və proqramlarının, eləcə də Azərbaycan Ali Məktəb Aspirantlarının II Respublika Elmi Konfransında təqdim edilmiş “Azərbaycan Sovet Qrafika sənəti 1950-1970-ci illər” adlı məruzənin müəllifidir.
Sevil Bədəlova müxtəlif illərdə Bakı şəhərində keçirilmiş fərdi moda sərgilərinin təşkilatçısı olmuşdur.
Mükafatlandırılan sənət adamları onlara göstərilən xüsusi diqqətə görə Mədəniyyət Nazirliyinə təşəkkürlərini bildirdilər.